Azərbaycanda koronavirusa yoluxma statistikasında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Bu müsbət tendensiyaya səbəb, aşağıdakıların hamısı ilə razılaşaram: – Dövlət pandemiyanın xalqımıza az zərərlə ötüşməsi üçün mümkün olan hər şeyi etdi, vəsait ayırdı, təsirli qabaqlayıcı tədbirlər gördü; – Ayrı-ayrı xeyriyyəçi şəxslər pandemiya ilə mübarizə fonduna ianə verdilər; – Əhali arasında tətbiqinə vaxtında başlanılmış vaksinasiya prosesi də hazırda uğurla gedir; – Yay fəslinin başlaması ilə əlaqədar havanın istiləşməsi deməkm olar ki, virusun yayılma tempini azaldıb və sairə…

Müşahidəli oxucu bu sadaladıqlarımın arasında həkimlərin zəhmətini vurğulamadığımı görüb təbii ki, təəccüblənəcəkdir. Əlbəttə, haqlı olaraq “bu sırada ilk növbədə tibb işçilərinin fədakarlığı qeyd olunmalıydı” – deyəcəkdir. Söz yox, bu, ən önəmli amildir. Risk qrupunda olan həkimlər yoluxucu xəstəliklə mübarizənin sivri ucunda gedirlər, xəstələrlə təmasda olub özləri də yoluxurlar. Bu səbəbdən dünyasını dəyişənlər də az deyil. Dövlət onların əməyini stimullaşdırmaq üçün pandemiya dövründə maaşlarına sanballı əlavələr də edib.

Lakin çox təəssüf, biz onu da görürük ki, məxsusi olaraq koronavirusa yoluxan xəstələr üçün ayrılmış xəstəxanaların baş həkimləri rüşvətxorluq ittihamı ilə məsuliyyətə cəlb olunurlar. Bu da bir həqiqətdir ki, nə qədər canımız sağdır, nə qədər özümüzün yaşadığımız ərazidə xidmət aparan yerli polikliklinikanın üz-gözümüz alışdığı personalından sıradışı xoşagəlməz münasibət görməmişik, tibb işçilərinin Hippokrat andına xəyanət etmələrinə dair qulağımıza çatan məlumatlara səthi yanaşır, “belə istisna neqativ halların olmaması mümkün deyil” deyirik. Təbiidir, çünki vətəndaşın şüurunda səhiyyə xidməti barədə ilkin təəssüratı məhz ən yaxındakı dövlət tibb müəssisəsi formalaşdırır. Bu sətirlərin müəllifi, məhz jurnalistdir… Olub ki, insanların sağlamlığının keşiyində dayanmaq kimi müqəddəs vəzifəsinin öhdəsindən gəlməyən səhiyyə işçilərini tənqid edib, yaxud, əksinə, qabiliyyətli həkimlərin fəaliyyətini təqdir edib. Bu məqamda bir haşiyə də cızmağa dəyər: – Jurnalistikanın prinsiplərindən biri də budur ki, köşə yazılar istisna olmaqla, müəllif qələmə aldığı məqalələrdə “mən” sözünü işlətməkdən çəkinməlidir. Amma jurnalist hər şeydən əvvəl insandır – can daşıyır, vətəndaşdır – dövlətə münasibətdə hüquq və vəzifələri vardır. Və bu daşıdığı can günlərin bir günündə xəstəlik təhlükəsi ilə üz-üzə qalanda, dövlətin vətəndaşa ayırdığı pulsuz tibbi xidmətdən faydalanmaq hüququndan istifadə etmək zərurəti yarananda jurnalist proseslərin müşahidəçisindən iştirakçısına çevrilir. Şikayətlərini KİV müstəvisinə çıxaran xəstələrin əslində nə çəkdiyini daha aydın başa düşür. Necə deyərlər, “başına gəlib başmaqçı olandan” sonra bilir ki, uzaq Midiya səhrasındakı səhiyyə problemindən yox, elə yaxınlıqdakı poliklinikanın iç üzündən yazmalıymış. “İşim düşsə, heç olmasa jurnalistliyimə hörmət edərlər” deyib ümid etdiyi tanış həkimlərin simasındakı maskanı yırtmaq lazım imiş. Və yenə də axır güman yeri olan qələmə (klaviaturaya) sarılır, hərçənd, bu dəfə “o” şəxs əvəzliyini öz “mən”i ilə əvəzləməli olur…

Nə isə, söhbət paytaxtın Yasamal rayonundakı 19 saylı şəhər poliklinikasından gedir. Deməli, mən ötən ilin yayında Covid-19 keçirmişdim. Xəstəxanaya gedəndə bütün Yasamala hay düşmüşdü; “rozısk” verilmişdi ki, ay bəs filankəsdə test pozitiv çıxıb, “ay haray, didari yamandı, qoyma gəldi”. Özü, ailə üzvləri kimlərləsə təmasda olar, başqalarını yoluxdurar. Xəstəxanadan çıxanda dedilər poliklinikanın nəzarətində olmalısan. Di gəl, heç kim səhhətimllə maraqlanmamışdı, soruşan olmamışdı ki, ölmüşəm, ya qalmışam, virusun fəsadları olubmu?..  Halbuki, virusla mübarizə apardığım vaxt şəkərə tutulmuş, hətta 300 göstərici şəkər ilə xəstəxanadan çıxmışdım.

İki – üç ay sonra özüm poliklinikaya getdim, müayinələrdən keçdim. Poliklinikanın endokrinoloqunu saatlarla növbədə gözlədim. Bəzən də səhhətim buna yol vermədi, gözləyə bilmədim. Endokrinoloq gah saat 10-da, gah11-də, gah 11:30-da işə gəlirdi. Onun iş saatını soruşanda hətta qapıdakı nəzarətçi də bildirirdi ki, Fəxrəndə həkim həmişə belə işləyib. Yəni, uzağı saat 12-yədək gəlib çıxır, saat 14:00-da isə iş saatı bitir.

Qapıda səhər saat 8:00-dan sonra pasientlərə növbə yazılıb paylanır.Yəni, şəkərə görə dərman alanlar da, həkim yoxlamasından keçməli olanlar da eyni sırada endokrinoloqun qəbulu üçün nömrəli növbə tutur. Bu cür növbə qaydasını kimin nə məqəsədlə icad etdiyi sual doğurur. Əgər məqsəd qəbulda səhman yaratmaqdırsa, bəs görəsən dərman paylayanla həkimin xidmətinə işi düşənlərə nömrə niyə eyni ardıcıllıqla verilir ki, xəstələr dəhlizdə, hətta endokrinoloqun qapısında bir-biri ilə növbə üstündə mübahisə edir? Məsələn, sırada 5-ci olan xəstə həkimi saat 9-dan gözləsə də, görür ki, artıq sırada 15-ci olan pasient qəbula keçir. Deməli, xəstələr uzun-uzadı mübahisə etməlidirlər, axırda tibb bacısını, həkimin iki-üç köməkçilərindən biri çıxıb deməlidir ki, “filankəs, indi siz həkimin yanına keçəcəksiz, bunlar isə dərman alacaqlar. Ona görə belədir. Həkimsə nə vaxt gələcək, bilmirik. Gözləyin, gələcək”.

Eşitdiyimə görə bir çox poliklinkialarda da vəziyyət belədir. Elə o səbəbdən də xəstələrin çoxu dövlətin verdiyi dərmanlardan əlini üzmək məcburiyyətində qalır.

Mən yenidən səhhətimdə yaranan problemlərlə bağlı 8-9 ay sonra, yəni, aprel ayının axırı həkimə – poliklinikaya getdim. Endikrinoloq dispanser uçotuna 9 ay bundan qabaq getdiyimi deyib, yenidən komissiyadan keçməyimin vacibliyini bildirdi. Bir həftə ərzində mən bunu etdim. Yenidən endokrinoloq qəbuluna növbə üçün nömrə aldım. 26 may 2021-ci il tarixində növbədə olduğum vaxt peyvənd üçün gələnlərin sıxlığından dəhlizdən keçmək olmurdu. Burada nəinki məsafə gözləmək mümkün deyildi, heç tibb işçilərinin çoxu belə maskasız idi.

Jurnalistlik etmək istəmədim. Sakitcə növbəmi gözləyirdim ki, sağ tərəfdən gələn hicablı qadının səsi, bayaqdan növbə davası edənlərin səsini batırdı. Qadın əsəbi halda deyinərək həkimləri məzəmmət edirdi: “Laboratoriya bilirsiz ki, 9-dan 10-a kimi işləyir. Bu qəbzi yazırsan, bəs laborator kağızı niyə vermirsən? Mənim başım çıxmır, sən bunu verməlisən – niyə vaxtında vermirsən?..”

Həkim-endokrinoloq Fəxrəndə isə dəhlizdən nazlana-nazlana baş həkimin yanından gəlib nə baş verdiyini soruşur. Xəstə ayğının diz qapağındakı şişi ona göstərib acıqlı halda bu vəziyyətdə səhərdən növbə gözlədiyini və artıq laboratoriyanın iş vaxtının bitəcəyini hirslə xatırladır.

Fəxrəndə həkim isə heç nə olmamış kimi çox sakit halda: “ay xanım, nəyə qışqırırsan, əsəblə danışırsan, mən heç nə başa düşə bilmirəm” – deyəndə, qadın lap odlandı. Əsəbindən həkimin dalınca kabinetə keçdi və köməkçinin stolunun üstünə əlindəkiləri çırpıb bayaqdan dediklərini təkrar etdi. Bu zaman tez qapını bağladılar. Xəstənin hündürdən əsəbi danışıqları eşidilirdi. O, haqlı olaraq düzgün tələbini edirdi və yenidən əsəbləşirdi ki, bəs mən bu vəziyyətdə bir də sabah səhər gəlib növbədə durmalıyam?

Onu yola salmaq istəsələr də, xəstə elə endokrinoloqun qapısı ağzındaca yerə sərildi. Polikinikada “dərman-dərman” deyib hərə bir tərəfə qaçdı. Gör, poliklinika nə gündədi ki, həkim dərman axtarırdı. Təcili yardım çağırdılar və “napravleni-göndəriş” yazıb xəstəni xəstəxanaya göndərdilər…

Məni isə qəbul edincə Fəxrəndə xanımın iş saatı artıq bitmişdi.

Marqlıdır, çoxlarının şikayətləndiyi Fəxrəndə həkim görəsən hansı əsasla kefi istəyən saatlarda işə gəlir və 14:00 olan kimi gedir?..  Söz buraxıblar ki, heç kəs baş həkimə “bata bilməz”, endokrinoloq Fəxrəndə isə hansısa deputatın gəlinidir-qızıdır, bilmirəm kimidir. Poliklinikada hamı cavan kadrlardı, baş həkim də həmçinin. Mən gileyləndim, mühafizənin narazı pasientləri sakitləşdirməyə gücünün çatmadığını görən baş həkim özü gəlib qapının ağzında dayanmışdı. Bir anlığa düşündüm ki, elə onun yeri oradır, kabinet yox!..

Gileyimi eşidəndən və jurnalist olduğumu biləndən sonra Fəxrəndə həkim məni yaman yadda saxlamışdı. Görən kimi üstümə “naezd” elədi: “Mən səni tanıdım, rejissor xanım…” Dedim: “Rejissorluğu Siz bacarırsız, amma mən ssenari yaza bilərəm”. Qabaqdangəlmişlik eləyərək bildirdi ki; “O xəstə və adamları gəlib dedilər ki, şikayətimiz yoxdu, irad tutdular, niyə o jurnalist çəkiliş aparıb, yayımlasa işinə baxsın”. Hiss elədim ki, özü həmişə təmkinin qoruyan Fəxrəndə həkim, bu dəfə məni qıcıqlandırıb özümdən çıxarmaq istəyir. Odur ki, dedim: “Mən öz işimi bilirəm, qeydə aldığımı yayaram, etirazları olar, verərlər məni məhkəməyə. Əsla ümid etməyin ki, o xəstəni əsəbləşdirib təcili yardımla yola saldığınız kimi, məni də özümdən çıxarıb polislə yola salacaqsız. Bu gün mən bura peşə fəaliyyətimlə bağlı araşdırma aparmağa gəlməmişəm, pasient kimi gəlmişəm”. Yalnız bundan sonra Fəxrəndə həkim duydu ki, “bu həna o hənadan deyil və mənimlə pasient kimi davranıb həmin an üzərinə düşən vəzifəni yerinə yetirdi. Nə bilim, bəlkə də inanmadı ki, bu yazı işıq üzü görər, yoxsa, soyuqqanlılıqla yenə bir əmma çıxarardı.

  1. Onu da qeyd edim ki, yazı işləndiyi zaman səhhətimlə bağlı narahatlıqlar, cərrahi əməliyyatlar keçirdiyim səbəbindən həm saytımda, həm də fəaliyyətimdə müvəqqəti dayanmalar olmuşdur. Odur ki, həmin yazı “Korrupsiya və Qanun” ictimai-siyasi, hüquq qəzetinin N07 (81) 15 may-15 iyun 2021-ci il sayının 18-19 cu səhifələrində işıqlandırılmışdır.

“Sülhün səfir” Beynəlxalq Mükafatlı,“Qızıl Qələm”,

“Vicdanlı Qələm”, “Obyektiv jurnalist” və digər mükafatların sahibi

Elmira Nüsrətqızı (AĞAYEVA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir