Faşizm üzərində qələbə gününüz mübarək, Surxay müəllim!

Faşizm üzərində qələbə günü münasibəti ilə

Son illər tez-tez görüşdüyüm dostlarımdan biri ölkəmizin tanınmış hüquqşünası, dəyərli ziyalımız, professor Habil Qurbanovdur. Habil müəllim ağdamlıdır. Ağdamın hörmətli ziyalılarından biri, hər kəsin sayğı duyduğu, İkinci Dünya Müharibəsində böyük ad-san qazanmış rəhmətlik Surxay müəllimin oğludur. Biz onunla 44 günlük İkninci Qarabağ müharibəsinin hər gününü həyacanla izləyir, tez-tez müharibənin gedişini müzakirə edirdik. Hər söhbətimizdə, onun gözlərinin necə yol çəkdiyini, üzündə dolaşan ümid işıqlarının necə ötüşdüyünü görürdüm. Qarabağ hər bir azərbaycanlı üçün əzizdir. Amma uşaqlığı o torpaqda keçənlər, o torpağın nəvazişi ilə böyüyənlər, əzizlərinin məzarları o torpaqda uyuyanlar üçünsə bu torpaqların başqa bir müqəddəsliyi, başqa bir doğmalığı da var. Habil müəllim üçün də Qarabağın, xüsusi ilə Ağdamın başqa bir sirri, sehri var…

Ötən ilin 10 noyabrında, müharibə dayananda telefonla zəng edib təbrik etdiyim qarabağlı dostlarımdan biri də Habil müəllim idi. Bir gün sonra yenə görüşdük. Bu dəfə Qarabağı, Ağdamı qaytarmağımızdan aldığımız sevinci bölüşə-bölüşə, ötənləri xatırladıq, o torpaq üçün nələr edə biləcəyimizi müzakirə elədik. Söhbət tez-tez olduğu kimi yenə Surxay müəllimdən düşdü. Təkcə Habil müəllimin atası kimi yox, həm də bir el ağsaqqalı, İkinci Dünya Müharibəsinin qəhrəmanı kimi. (Mən Surxay müəllimi görmüşdüm – bir vaxtlar onun rəhbərlik etdiyi Ağdam 3 saylı Orta məktəbdə olmuşam və bu nurlu, gözəl insanla yaxından söbət etmişik). Bir vədə faşizm üzərində qələbə çalmaqda böyük şücaət göstərmiş bir igidin, faşizmdən daha murdar bir fəlsəfənin zülmü qarşısında heç nə edə bilməyən məzarını xatırlayan Habil müəllim çox kövrəldi… Sanki inləyərək, qəhər içində o məzarların vəhşi vandallar tərəfindən necə dağıdıldığından, şumlandığından danışdı… Bu dəhşətli hadisəni eşidəndə mən də sarsıldım. Amma ona toxtaqlıq verməyə çalışdım. Dedim ki, indi o məzarlarda dəfn olunmuş insanların ruhu da sevinir. Tezliklə öz doğmalarını öz torpaqlarında görəcəklərini hiss edirlər.

Ötən həftə Surxay müəllimi yenə yada saldıq. 9 may qələbə bayramında azərbaycanlıların da nə qədər böyük payı olduğundan danışdıq. Bir vaxtlar Surxay müəllimin uğrunda özünü fəda elədiyi ölkənin, çiyin-çiyinə vuruşduğu insanların nəvə-nəticələrinin Qarabağın başına açdığı ağlasığmaz oyunları lənətlədik.

Surxay müəllim 1941 – ci ildə müharibə başlayan gündən cəbhəyə yollanmış, 1945 – ci ilin avqust ayına kimi bu müharibədə iştirak etmişdir. Müharibənin getdiyi ən qaynar ərazilərdə bir cəsur əskər, zabit kimi ad-san qazanmışdır. Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna cəbhələrində vuruşmuşdur. Əfsanəvi “Kiçik torpaq” da ən dəhşətli döyüş zonasında başına mərmilər yağa-yağa mübarizə aparmışdır. Bir qəhrəman pulemyotçu kimi böyük şöhrət qazanmışdır. Düşmənin yüzdən artıq əskərini məhv etdiyi amansız bir döyüş zamanı pulemyotunun qalxanı deşik-deşik olmuşdur və bu pulemyot indi “kiçik zabit Qurbanovun pulemyotu” qeydi ilə İkinci Dünya Müharibəsinin rəşadətini əks etdirən muzeydə saxlanılır. O öz pulemyotu ilə düşmənin onlarla təyyarəsini, yüzlərlə əskərini məhv edib. Göstərdiyi böyük qəhramanlığına görə onun sənədləri “Sovet İttifaqı qəhrəmanı” adı almaq üçün təqdim edilmişdir. Bu adı almasında ona maneçiliklər törənsə də, hər bir döyüşçünün fəxr etdiyi “Qırmızı ulduz”, “Birinci dərəcəli Vətən Müharibəsi” ordenləri, “İgitliyə görə” medalı ilə təltif olunmuşdur. Ümumittifaq səviyyədə tanınan döyüşçülərdən biri olmuşdur.

Üç dəfə ağır yaralanmışdır. Hər dəfə müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. Onun qələmə aldığı “Bir əskərin döyüş yolu” adlı gündəliyi oxuyanlar hər səhifədə onun, eyni zamanda xalqımızın necə gözəl xüsusiyyətləri olduğuna bir daha şahid olduqlarını deyirlər.

Müharibə bitdikdən sonra bir qəhrəman kimi Ağdama qayıdan Surxay Qurbanov əvvəl yarımçıq qoyub cəbhəyə yollandığı müəllimliyini davam etdirmişdir. Sonralar partiya işinə irəli çəkilmiş, hüquq ixtisası üzrə əlavə təhsil almış, prokurorluq sistemində, insanların rəğbətini qazanan ədalətli bir insan kimi fəaliyyət göstərmişdir. 1954 – cü ildən ömrünün sonuna – 1977 – ci ilə qədər Ağdamda 3 saylı məktəbin direktoru olmuşdur. Təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “Əməkdar müəllim” və “Qabaqcıl maarif xadimi” adlarına layiq görülmüşdür. O nümunəvi bir ziyalı, ailə başçısı olmuş, vətəni üçün layiqli xidmət göstərən 7 övlad yetişdirmişdir.

Surxay Qurbanovun böyük rəşadət göstərdiyi İkinci Dünya Müharibəsi həm də faşizm ideyasının nə qədər dəhşətli, dünyanın nizamı, ahəngi, tərəqqisi üçün böyük bəla olduğunu göstərən bir hadisədir. Birinci Dünya Müharibəsindən sonra, əvvəlcə İtaliyada yaranan, sonradan Almaniyada daha sürətlə yayılan bu ideya, bu cərəyan ötən əsrin otuzuncu illərində artıq bütün Avropanı bürümüşdü. 1936-cı ildə artıq 20 Avropa ölkəsində 49 faşist təşkilatı fəaliyyət göstərirdi.

Ayrıca bir xalqın qanının, irqinin başqalarından daha təmiz, daha ali, daha müqəddəs olduğunu, bununla da onların yer üzündə daha çox imtiyazlara malik olduğunu, bu imtiyazlar uğrunda başqa xalqlara hər cür zülm verməyə haqqı olduğunu iddia edən bu ideya olduqca dağıdıcı xarakter daşıyır. İstər fəlsəfi, istər dini, istərsə də insani baxımından tamamilə səhv, zərərli, təhlükəli olan faşizm ötən əsrin əvvəllərində Avropa cəmiyyətinin əhval-ruhiyyəsinin mahiyyətindən doğan qorxunc bir hərakat idi. İqtisadiyyatda, elmdə, mədəniyyətdə, siyasətdə ciddi uğurlar qazanan avropalılarda özlərinin fövqalədə, seçilmiş xalqlar olduğu illuzyası yaranmışdı. Amerikada üç milyondan artıq hindunu qarışqa kimi qıran, başqa qitələrdəki əksər ölkələri böyük qırğınlarla işğal edib müstəmləkəyə alan, yaxud özündən asılı vəziyyətə salan avropalılarda özlərindən müştəbehlik, maddiyatçılıq, hərislik, fürsətcillik hissləri xeyli inkişaf etmişdi. Humanist, mənəvi, insanlığın, cəmiyyətin mahiyyətindən doğan tələbləri lazımi qədər nəzərə ala bilməyən, əsasən rasionalist və praqmatik dəyərlərə əsaslanan dünyagörüşündəki birtərəflilik, yarımçıqlıq, naqislik nəticəsində iblisanə bir nəfəslə ortaya gələn faşizm tez bir zamanda bir çox ölkələri başdan-başa qana bürümüşdü. 1941 – ci ildə SSRİ – yə hücum edən Almaniyanın da əsas məqsədi bu ölkənin maddi resurslarından istifadə edərək bütün yer üzünü öz əsarəti altına almaq, bütün ölkələrin almanların aliliyini təsdiq edən faşizm ideyasına baş əyməsinə nail olmaq idi.

1945- ci ildə faşizm ideyasını yayanlar darmadağın oldu. Amma təəsüf ki, bu mənfur bəlanın kökü kəsilmədi. Onun yer üzünə səpələnmiş tör-töküntüləri müxtəlif şəkildə hələ də baş qaldırmaqdadır. Təsadüfi deyil ki, ermənilərin əksəriyyətinin milli qəhrəman hesab etdikləri ideoloqları Q. Njde bir zamanlar faşistlərə qoşulmuş, minlərlə insanın məhvinə səbəb olmuşdur. İndi yer üzü faşizmin doğma qardaşı, iyrənc övladı, Njde zəhəri ilə zəhərlənmiş olan erməçiliklə üz-üzədir. Erməniçilik nümayəndələri faşistlərdən daha qorxunc ideyalarla qonşu xalqların başına bir bəla olmuşdur.

İndi erməniçiliyi müdafiə edən şəxslər, iş adamları, siyasətçilər, ölkə başçıları bir başa faşizmə, faşizmin modifakisiya olunmuş daha qorxunc bir növünə dəstək verməkdədirlər. Faşizm də, onun daha təhlükəli forması olan erməniçilik də ancaq və ancaq yer üzündə qan burulğanlarının yaranmasına xidmət edir.

9 may qələbə günü həm də bizim Surxay Qurbanov kimi igid övladlarımızın qalibiyyət günüdür. 8 noyabr qələbə gününü xalqımıza bəxş edən insanların babalarının faşizm üzərindəki qələbə bayramıdır. İnşallah erməniçilik üzərində də tam qələbə çalaçağıq!

Əhməd Qəşəmoğlu
aia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir