“Arifin xəstəxanaya yerləşdirilməsi xəbərini eşidən günündən sarsılmışam. Bir neçə gündür ki, həqiqətən də şok yaşayıram. Ailəsindən, yaxınlarından tez-tez xəbər alıram. Çünki o heç vaxt səhhətindən şikayət etmirdi, hətta bir həftə əvvəl onunla görüşdük, oturduq həm yemək yedik, həm də doyunca söhbət etdik, dedik-güldük”
Bunu aktrisa Naibə Əlibəyova deyib. Bir zamanlar ən yaddaqalan  tərəf müqabilləri olduğunu söyləyən Naibə xanım Arif Quliyev haqda mətbuatda yayılan ölüm xəbərlərinin ona çox pis təsir etdiyini bildirib.
“Arif haqda “ölüm” xəbərləri mətbuatda hər zaman çox yayılıb və biz bunu gülüşlə qarşılamışıq. Hətta bir dəfə ona jurnalist zəng edəndə, mən də yanında idim. Jurnalist dedi ki, deyirlər ki, siz ölmüsüz? Dedi ki, ay qızım, bəs danışan kimdir? Mən ölmüşəmsə necə danışıram? Düzdü, ölüm xəbərlərini bəzən yumorla qarşılasa da, bəzən də əsəbləşirdi. Bəlkə də bir 100 dəfə onu öldürüb-dirildirdilər. Özü də deyirdi ki, Naibə, hər mövsüm “ölməsəm” yaşaya bilmərəm (gülür). Biz də bu xəbərləri normal qarşılayırdıq, çünki bilirdik ki, Arif müəllim sağdır və səhhətində problem yoxdur. Amma koronovirusa yoluxandan sonra ölüm xəbərlərinin yayılmasını heç cür qəbul edə bilmirik və bu hal ailəsini, məni, bir sözlə onu sevən hər bir tamaşaçını üzür. Çox xahiş edirəm ki, həssas dönəmlərdə hər bir xəbəri dəqiqləşdirib, sonra yazsınlar” deyə aktrisa bildirib.
Naibə Əlibəyova deyir ki, 30 ildən çoxdur ki, Arif Quliyevlə dostluq etdiyini bildirib.
“37 ildir ki, Ariflə bir yerdəyik, bu illər ərzində o mənə, mən də ona dəstək olmuşam. Hər dostluq bu qədər davam etmir. Arif təmənnasız insandır, etdiyi yaxşılıqlarda təmənna güdmür. Yetimə-yerisə, kasıb-kusuba görə döymədiyi qapılar qalmayıb. Çünki özü o çətinliyi görüb, uşaq evində böyüyüb. Allah etdiyi yaxşılıqlara görə onu xalqına bağışlasın. Arif kimi sənətkarlar min ildə bir dəfə yetişir. Ən böyük komediya, gülüş aktyoru odur ki, öz problemi, faciəsi ola-ola səhnədə insanlara ruh-yüksəkliyi versin. Arif məhz elə sənətkarlardandır. Düzdü, indi istedadlı komik aktyorlar da var, yoxdur deyə bilmərəm. Amma əksəriyyəti tamaşaçını güldürməzdən əvvəl, dediyi sözə ilk növbədə özü gülür. Mən Arif müəllimlə bir yerdə Satira teatrında da işləmişəm. Onu bütün insanlar, uşaqdan-böyüyə hamı çox istəyir” deyə aktrisa deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir