“Ukrayna vətəndaşı da düşünür ki, Rusiyaya torpaq verdikcə iştahı daha da artacaq…”
Azərbaycanlı nazir müşaviri Rusiyanın Ukraynaya genişmiqyaslı hücum ehtimalından danışdı...
Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından olan Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi, eyni zamanda Elm və Təhsil nazirinin müşaviri  olan Elxan Nuriyev Moderator.az-a müsahibəsində bu  yaxınlarda səfərdə olduğu  Donbas regionundakı son durum, Rusiya ilə müharibə ehtimalı, ABŞ və NATO ölkələrinin buna münasibətindən, eləcə də Qarabağ və Donbas problemlərindəki bəzi fərqli cəhətlərdən bəhs edib.
-Elxan bəy,  bu günlərdə  Ukraynanın Donbas regionunda – təmas xəttinə yaxın məntəqələrdə olmusuz.  Durum necədir? Hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi  separatçılar arasında gərginlik hansı həddədir?
-Bəli, biz bu günlərdə  Ukrayna Zabitlər Birliyinin xətti ilə separatçıların nəzarət etdiyi ərazilərə yaxın məntəqələrdə görüşlər keçirdik, rəhbər şəxslər və adi vətəndaşlarla söhbətlərimiz oldu. Gərginlik daim var. Mütəmadi olaraq hər iki tərəfdən hərbi və ya mülki vətəndaşlar arasında həlak olanlar da olur…
Mövcud vəziyyəti  təhlil etdikdən sonra bizim qorxduğumuz əsas odur ki, Rusiya “KQB”-Putin təcrübəsindən çıxış edərək Ukraynanın nəzarətində olmayan şəhərlərdən birində bir xəstəxana və ya məktəbdə terror aktı, partlayış törədərək dezinformasiya yayarlar ki, bunu Ukrayna diversantları təşkil edib. Və hücum üçün saxta bəhanə əldə edərlər…
Bildiyiniz kimi, dünən –aprelin 8-də Ukrayna prezidenti Vladimir Zelenski təmas xəttində yaranan yeni gərginlikdən sonra Donbasa səfər edib. Orada xidmət edən hərbçilərlə görüşüb və onları mükafatlandırıb.  Bu da bir daha göstərir ki, Ukrayna dövləti  hər şeyə hazır durumda olaraq öz ordusunun arxasında da dayanıb….
Sizcə,  Prezident V. Zelenski belə bir gərgin geosiyasi durumda Ukrayna dövləti üçün  kifayət qədər beynəlxalq müdafiə xətti qura bilibmi?
– Hesab edirəm ki, belə bir müdafiə artıq qurulib. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri  Cek Sullivan dəfələrlə Ukrayna ilə əlaqə saxlayıb. Müdafiə naziri Lloyd Ostin  və Dövlət Katibinin köməkçisi Entoni Blinken də mütəmadi olaraq ölkədəki vəziyyətlə maraqlanırlar. Yeri gəlmişkən, deyim ki, E.Blinkenin yəhudi əsilli babası  Kiyev vilayətində yaşayıb…
Ən çox da ABŞ-ın Bütün Qoşun Birləşmələrinin Baş Qərargahlar Komitəsinin rəhbəri Mark Milli  Ukrayna və Rusiyadakı həmkarlarıyla əlaqə saxlayır. Və o,  qəti xəbərdarlıq edir ki, əgər belə  bir müharibə başlayarsa, ABŞ mütləq buna müdaxilə edəcək. Çünki bu, azad dünyaya, azad Avropaya qarşı açılmış savaş kimi anlaşılacaq. Bununla paralel bu yaxınlarda Polşa, Latviya və Litva xarici işlər nazirlikləri səviyyəsində bəyanat yaydılar ki, Ukraynaya olan hücum həmin dövlətlərin milli təhlükəsizliyinə təsir edə bilər.  Və həmin səbəbdən onlar bu məsələyə dövlətlərinin milli təhlükəsizlik məsələsi kimi baxırlar…
Bir sözlə, ABŞ və Avropanın əksəriyyəti,  o cümlədən NATO ölkələri, demək olar ki, birmənalı olaraq Ukraynanın yanındadır. Bu günlərdə Prezident Zelenski birbaşa bəyanat verdi ki, bizim məqsədimiz NATO-ya üzv olmaqdır. Təbii ki, həm ölkədəki qanunçuluq, həm də ordu göstəriciləri baxımından NATO-nun standartlarına uyğun olmaq gərəkdir. Amma ilkin məsələ NATO-nun çətiri altına girməkdir. Sorğular da onu göstərir ki,  vətəndaşların 70 faizi  Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır. Yəni rəsmi Kiyev bütün obyektiv və subyektiv əngəllərə baxmayaraq bu quruma üzv olmaq üçün əlindən gələni edəcək. Amma inanmıram ki, Moskva da əlini-qolunu sallayıb öz sərhədlərində NATO qoşunlarının yerləşməsinə biganə qalsın…
-“Nyu-York –Tayms”ın bu günlərdə Pentaqon mənbələrinə isttinadla yaydığı məlumata görə, Rusiya Ukrayna sərhəddinə cənubda, şərqdə və şimalda 4 minə yaxın qoşun toplayıb. Aprelin 4-də Krımın işğalında iştirak etniş “Pskov desantçıları” deyilən diviziyanın bəzi hissələri də Simferopola gətirilib. Xarkov yaxınlığına da qoşunlar toplanıb. Və s. Sizcə, genişmiqyaslı Rusiya-Ukrayna savaşının başlanması ehtimalı nə qədərdir? 
-Bilirsiz, əvvəllər də Rusiya Donbasdakı hərbi əməliyyatlarda iştirak edirdi. Amma onda bu, gizli, qeyri-leqal edilirdisə, indi artıq Moskva, az qala, birbaşa deyir ki, bu, bizim daxili işimizdir.  Bu günlərdə Putinin mətbuat katibi Dmitri Peskov da bəyan etdi ki, Rusiya öz ərazisində qoşunlarının yerini necə lazım bilirsə, elə də dəyişir və bunun üçün heç kəsdən icazə istəmək fikrində deyil. Və görünən fakt odur ki,  bu günədək Rusiyanın, ən azı, 28 operativ-taktiki batalyonu cənubda Krımdan tutmuş şimalda Çerniqov vilayətinədək aypara şəklində Ukraynanı əhatəyə alıb. Eyni zamanda aprelin 8-də Peskovun müavini də bəyan etdi ki, əgər Ukrayna Donbasda Serebrenitsadakı kimi soyqırım törətməyə cəhd etsə, Rusiya da öz vətəndaş və soydaşlarını müdafiə etməyə məcbur olacaq…
-Rusiya bəzi yerlərdə qoşunlarını guya təlimlər keçirmək adıyla da yerləşdirib…
-Təbii ki, Kreml texnoloqları buna müxtəlif adlar qoyacaq, müxtəlif bəhanələr gətirəcəklər. Bu sadəcə, şantaj da ola bilər. Hər halda hesab edirəm ki, yaxın müddətdə genişmiqyaslı  müharibə gözlənilmir. Düzdü, Rusiya  lokal səviyyədə hansısa əraziləri güclü artileriya, yaxud aviasiya zərbələrinə məruz qoya bilər. Amma ordunun dövlət sərhəddini keçəcəyi halda, yəni Rusiya ordusunun genişmiqyaslı hücum edəcəyi təqdirdə Ukrayna quru qoşunları buna çox ciddi müqavimət göstərəcək. Çünki artıq Ukrayna ordusu 2014-cü ildəki ordu deyil, son 7 il ərzində dəfələrlə güclənib. Onu da deyim ki, Rusiya tərəfi Donbasda münaqişə başlanandan hərbi baxımdan Ukraynadan dəfələrlə çox canlı itki verib. Təxmini olaraq 13-15 min rəqəmləri səslənir. Amma Donbasda həlak olmuş mülki Ukrayna vətəndaşlarının sayı daha çoxdur…
Eyni zamanda onu da  vurğulamaq lazımdır ki, Qərbdən Ukraynaya hərbi yardımlar  davam edir. Məsələn, aprelin 5-də NATO-nun  7 ölkəsinin təyyarələri Kiyev yaxınlığındakı hərbi aerodroma endi…
-Sizcə,  genişmiqyaslı savaş başlayacağı təqdirdə ABŞ-dan savayı konkret hansı ölkələr Ukraynanı, dolayı yox,  birmənalı olaraq müdafiə edəcək?
-Öncə qeyd etdiyim kimi, ABŞ və Avropa Ukraynaya hücumu azad dünyaya hücum kimi dəyərləndirəcək. Düzdü, Normand dördlüyünün üzvləri olan Almaniya və Fransa adətən, sadəcə, tərəfləri hərbi qarşıdurmadan yayınmağa çağırır. Yəni Ukraynanı birbaşa dəstəkləmir.  Ancaq bildiyiniz kimi, dünən –aprelin 8-də  Almaniya Kansleri Angela Merkelin Putinlə bu mövzudakı danışığı əvvəlkilərdən kifayət qədər sərt olub və demək olar ki, o, Rusiyadan öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyi tələb edib. Putin isə gileylənib ki, guya Ukrayna Donbasda genişmiqyaslı əməliyyat keçirməyə hazırlaşır və s. Belə demək mümkündürsə, Moskva bir az “geri verib”… Amma Amerikaya gəldikdə,  Vaşinqton hələ Krım böhranından bəri rəsmi Kiyevi birmənalı olaraq dəstəkləyir və Rusiyaya qarşı çıxış edir… Real vəziyyət belədir. Və hələlik Rusiya iqtidarı öz əhalisini genişmiqyaslı müharibə nəticəsində baş verəcək olay və itkilərə hazırlayır. Yəni, necə ki, 2020-ci ilin sentyabrınadək Ermənistan-Azərbaycan sərhədində, yaxud Qarabağda ara-sıra artilleriya zərbələri, snayper atəşləri və s. edilirdi, hazırda Rusiya-Ukrayna cəbhəsində də oxşar vəziyyətdir. Əməliyyatlar birbaşa açıq fazaya keçirilməyib…
-Amma bütün bunlara rəğmən Ukraynanın 1-ci Prezidenti  Leonid Kravçuk da bu günlərdə “Qordon”a müsahibəsində dalana dirənmiş Putinin hər şeyə əl atacağını bildirib. Artıq bir sıra mənbələr  ABŞ-ın “HIMARS” taktiki raketlərini bölgəyə gətirdiyini, Rusiyanın isə uzaqmənzilli raketlərini Krım və Donbas bölgələrinə nəql edə biləcəyini iddia edib. Sizcə, bu yaxınlarda Putin genişmiqyaslı hücum əmri verə bilərmi?
-Bəli, hər şey gözləmək olar. Çünki Rusiyanın daxili durumu da çox gərgindir. Və Putin də bunu gözəl bilir. Bildiyniz kimi, aprelin 6-da  Moskvada dollar kəskin bahalaşdı. Yəni bu da, təbii ki, əhalinin iqtisadi-sosial durumunun   daha da ağırlaşmasına gətirib çıxaracaq. Qərbin təzyiqləri,  Navalnı məsələsi, sanksiyalar… Məsələn, son aylarda Rusiyanın ümumi daxili məhsulu 400-500 milyard dollar aşağı düşüb. Bir sözlə, ölkə daxilindəki problemləri kölgədə qoymaq, eyni zamanda sentyabrda Dövlət Dumasına seçkiləri nəzərə alaraq hakim partiyanın da müharibə ilə bağlı qərarı ola bilər. Və öncə dediyim kimi, Kreml indidən ölkə əhalisi qarşısında  verilə biləcək qurbanlara haqq qazandırmağa çalışır. Son aylar Rusiya telekanalları Ukraynaya qarşı nifrət təbliği ilə məşğuldur. Əhaliyə təlqin edilir ki, guya Kiyev Donbasdakı ruslara qarşı soyqırım həyata keçirməyə hazırlaşır, Ukraynanın Türkiyə ilə birgə istehsalına başladığı yeni nəsil dronları nümayiş etdirilir və s. Bir sözlə, hələki Putin Zelenskiyə qarşı əzələ nümayiş etdirir. Amma Rusiyada müharibəyə faktiki güclü hazırlıq da gedir…
-Bəs deyilənə görə, Azərbaycanın Qarabağdakı son uğurlu savaşından ruhlanmış Ukrayna rəhbərliyi özü Donbasda antiterror əməliyyatı keçirməyə risk edə bilərmi?
-Yox… Ukrayna öz təşəbbüsü ilə müharibəyə başlamaq fikrində deyil. Yəni bilmək lazımdır ki, Ukrayna Azərbaycan deyil.  Ötən ilin yayındakı Tovuz döyüşlərindən sonrakı Azərbaycandan fərqli olaraq Ukraynada yüz minə yaxın vətəndaş torpaqları azad etmək üçün meydanlara çıxıb müharibə çağırışı etmir… Bəzən hətta bunun əksi baş verir. Yəni insanlar müharibə əleyhinə də çağırışlar edirlər… Məsələn, Donbasla yanaşı, Krım da depressiv bölgə hesab edilir.  Yəni bu regionlar dövlət dotasiyası ilə yaşayırlar. Sovet vaxtı, məsələn, Donbas daş kömür mədənləri  ilə zəngin olduğundan gəlirli olub. Ancaq hazırda həm həcm, həm də keyfiyyət baxımından həmin mədənlər öz əhəmiyyətini itirib. Və odur ki, yenə də dövlətdən hardasa, 800 milyon dollara yaxın dotasiya alır. Oxşar  vəziyyət Krımdadır. Krımın 80 faiz ərazisində yovşandan savayı heç nə bitmir… Yarımadanın böyük bir hissəsində dərin infrastruktur böhranı var. Krımda 70 faiz təsərrüfat suyu çatışmazlığı var, əkinlər, bağ-bağat quruyur. Odur ki, bizim üçün Qarabağ cənnətdirsə, ukrayınlar üçün Donbas, Krım cənnət deyil… Amma bütün hallarda Vətənin bir parçasıdır,  dövlətin ərazisidir və sadəcə, ortalıqda “torpaqdan pay olmaz” prinsipi var. Ukrayna vətəndaşı da düşünür ki, Rusiyaya torpaq verdikcə iştahı daha da artacaq… Fəqət, yenə də bütövlükdə Ukrayna cəmiyyətində Donbasa, Krıma qarşı Azərbaycandakı Qarabağ sevgisi qədər bir sevgi, istək yoxdur… Putin özü də anlayır ki, bu gün Krım kimi Donbas da Rusiya üzərində ağır yükdür. Odur ki, nə etmək lazım olduğunu heç Rusiya özü də bilmir…
-Elxan bəy, sizcə, Qarabağ məsələsi ilə Donbas probleminin başqa hansı fərqli cəhətləri var?
-Bu günlərdə Donetsk vilayətinin icra strukturlarınım yerləşdiyi Kramotorskda da səfərdə olduq. Biz vaxtaşırı vilayətin rəhbər şəxsləri ilə görüşürük. Məsələn, mən bilirəm ki, Donetsk vilayət mədəniyyət şöbəsinin müdir müavini olan rus xanım hər həftənin 5-ci günü axşam separatçıların blok-postunu keçərək Donbasdakı evinə gedir və şənbə-bazar ailəsinin, övladlarının yanında olur. Bazar ertəsi səhər yenə də qayıdıb gəlir işə. Və deyir ki, mən milliyyətcə rus olsam da, ukrayın dilini bilirəm və 20 ildir ki, bu sahədə işləyirəm, heç kəs heç bir əsasla məni işdən azad edə bilməz. Sözüm ondadır ki,  Ukrayna Donbasda Azərbaycanın Qarabağdakı ermənilərlə olduğu kimi, tamamilə yad və xəstə etnosla üz-üzə deyil… Donbasda yaşayan hər bir kəs özünü Ukrayna vətəndaşı hesab edir. Yaşlı insanlara, əlilliyi olanlara təqaüd verilir. Və s. Sadəcə, həmin insanlar Ukrayna qanunlarıyla yaşamaq istəmirlər…
Bilirsiz, Rusiyanın istədiyi o idi ki, Donbasda öz sülhmətramlılarını yerləşdirsin, orada da 2014-cü ildə Krımda olduğu kimi, avtomat lülələri altında seçkilər keçirsin və separatçıları qanuni olaraq Ukrayna hakimiyyətində təmsil elətdirsin. Bu da alınmadı. Çünki Ukrayna buna getmədi və getməyəcək də… Rusiya isə Kiyevin dediyi şərtləri qəbul etmir…  Amma Ukrayna dövləti və xalqı da bütün hallarda Moskvanın bu və ya digər diqtələrini qəbul etməyərək demokratik, azad quruculuq, inkişaf yoluyla getməyə çalşmaqda davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir