Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
– Qüdrət bəy, bəzi iqtisadçı bloqerlər Türkiyə lirəsinin 17%-lik devalvasiyasından sonra hökuməti  devalvasiyaya getməyə çağırırlar və bəyan edirlər ki, bu ixracı stimullaşdıra bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
– Hər hansı məsələyə münasibət bildirərkən ölkənin sosial-iqtisadi vəziyyəti mütləq  nəzərə alınmalıdır. Bizim qeyri-neft sektorunda ixrac məhsullarımızın , xüsusilə sənaye məhsullarının sayı və həcmi çox məhduddur, əsasən kənd təsərrüfatı məhsullarından ibarətdir. Ümumi ixracın təqribən 10%-ni təşkil edir. Ona görə də devalvasiyaya getməklə ixracın stimullaşdırılması barədə fikirlərin ciddi əsası yoxdur. Amma devalvasiyaya gedilsə əvvəlki təcrübədən çıxış edərək deyə bilərik ki, bu həm vərtəndaşlarımızın sosial vəziyyətini xeyli pisləşdirəcək, həm də iqtisadi islahatların həyəta keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Bu baxımdan  nə qədər manatın kursunu sabit saxlamaq mümkündürsə bunu etməli, iqtisadi islahatları sürətləndirməliyik. Xammal ixrac etməkdənsə böyük perspektivləri olan kimya və yüngül sənayeni inkişaf etdirməli, süründürməçiliyə son qoyub Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq.
– Milli Şuranın Rusiya və Ermənistanın Türkiyə -Rusiya münasibətləri gərginləşəcəyi halda torpaqlarımızı yenidən işğal edə biləcəyi barədə həyəcan dolu çıxışlarının bir əsası varmı?
– Mən onları elə-belə fit müxalifəti adlandırmamışam ki… Onlar tapşırıq alıblar ki, nəyin bahasına  olursa olsun Rusiya-Azərbaycan,Türkiyə-Rusiya münasibətlərini gərginləşdirmək və korlamaq lazımdır. Əvvəla onu deyim ki, Ərdoğanla Putin onların Qərbdə “sevilmədiyini” çox yaxşı başa düşürlər. Onu da bilirlər ki, ölkələrinin mənafeləri tələb edir ki, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıq etsinlər. Belə olan halda kiməsə xoş gəlmək üçün niyə bir-biri ilə münasibətləri pozmalıdırlar? Əvvəllər də qeyd etdiyim kimi, hər iki ölkə bir-biri üçün vazkeçilməz tərəfdaşa çevrilməkdədirlər. Bu fikirlər Azərbaycan-Rusiya münasibətlərinə də aiddir. Azərbaycan bəzi gerizəkalıların dediyi kimi Rusiya ilə müharibəyə hazırlaşmamalı, onunla dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməlidir. Fit müxalifətinin bir məqsədi də cəmiyyəti daim gərginlik altında saxlamaq cəhdidir. Düşünürlər ki, belə olarsa ölkədə kütləvi psixoz vəziyyəti yaradıb sonda hətta əhəmiyyətsiz bir məsələyə görə insanları küçələrə töküb hansısa siyasi məqsədlərinə çata bilərlər. Ona görə ictimaiyyətin nəbzini yoxlamaq üçün bəzən özləri, bəzən ətraflarındakı  adamlar vasitəsilə mitinqlər çağırırlar. Amma bəlli olur ki, nəinki xalq, hətta həmin adamların ailə üzvləri belə onların çağırışlarına əhəmiyyət vermir. Hazırda həm beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizdə  suverenliyimizin tam bərpa olunması istiqamətində, həm də dövlət quruculuğu və iqtisadi sahədə görəcəyimiz çoxlu işlər var. Hesab edirəm ki, hər bir vətəndaşımız kimi iqtidar da bunu görür və bunun fərqindədir. Problemlərin olması o demək deyil ki, xalqımız nifrət və qisas hissi ilə qovrulan, xarici dairələrin əlində vasitəyə çevrilmiş adamların çağırışlarına cavab verəcəkdir.
– Qüdrət bəy, Rusiyanın Dağlıq Qarabağı Ermənistan və Azərbaycandan qoparıb öz nəzarətinə keçirməsi, erməni sakinlərə rus pasportları paylanması barədə deyilənlərin əsası varmı?
– Hazırda 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistanın razılığı ilə bölgədə atəşkəsə nəzarəti Rusiya həyata keçirir. Rusiya 5 il müddətində özünün sülhməramlı missiyasını həyata keçirməli, Azərbaycan və erməni xalqlarının barışmasına, Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunmasına və regional əməkdaşlığa töhfə verməlidir. Bunlar baş verməyəcəksə Rusiyaya inam itəcək. Ona görə düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin. Erməni sakinlərə rus pasportlarının verilməsi barədə heç bir ciddi informasiya yoxdur, əksinə, biz görürük ki, Rusiya “10 noyabr” Bəyannaməsi ilə onun səlahiyyətlərinə aid olmasa da Ermənistanla sərhədlərin demarkasiyası istiqaəmətində hər iki tərəfə son dərəcə zəruri olan köməyi edir. Buna görə biz Rusiyaya təşəkkür etməli, gələcək barədə yaxşı düşünməli və bu istiqamətdə fəaliyyət göstərməliyik.
– Son olaraq ABŞ-Rusiya qarşıdurması barədə nə deyə bilərsiniz?
– Hər iki ölkə böyük nüvə potensialına malikdir və Azərbaycanla yaxşı əlaqələri var. Nüvə silahı isə  müharibələri əngəlləyən böyük çəkindirici gücə malikdir. Bu iki dövlət beynəlxalq sülh və təhlükəsizlik üçün əməkdaşlıq etməlidir. Bir müddətdən sonra onlar öz aralarında dil tapıb gərginliyin aradan qaldırılmasına çalışacaqlar. Əvvəllər olduğu kimi, indi də, bu istiqamətdə danışıqlar üçün Bakı gözəl məkan ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir