Vətən müharibəsində ağır yaralanan döyüşçülərimizdən biri də Əsgər Rüstəm Qurbanovdur. Qazimizin anası Raifə xanım iki övladını körpəlikdən təkbaşına böyütdüyünü bildirib.
Raifə xanım Moderator.az-a açıqlamasında illərdir Bakıda kirayədə yaşadıqlarını və onların ipotekaya ev götürmələri üçün aidiyyatı qurumlardan kömək istəyib:
“Oğlum Rüstəm Qurbanov doqquz ay idi ki, Tərtərin Qapanlı kəndində əsgərlikdə idi. Elə oldu ki, döyüşlər başladı və o, da Vətən müharibəsinə qatıldı. Sentyabrın 30-da isə yoldaşlarını xilas edərkən ayaqlarından və çənəsindən çoxlu qəlpə yaraları alıb. Beş dəfə ayaqlarından, çənəsindən və qollarından əməliyyat olunub. Hələ üç dəfə də əməliyyat olunacaq. Yerimə qabiliyyətini itirib və hazırda əlil arabasında gəzir”.
Qazi anası iki yaşından övladlarını təkbaşına böyütdüyünü bildirib:
“Rüstəmin iki yaşı olanda atası Rusiyaya çörək qazanmağa getdi, amma bir daha geri qayıtmadı. Kürdəmirdən Bakıya köçərək kirayədə yaşamağa başladıq. Bundan sonra işə düzəlib övladlarımı böyütdüm. Yeddinci mərtəbədə kirayədə yaşayırıq, hər ay 350 manat kirayə pulu verirəm. Rüstəmi düşürüb-çıxarmaq üçün çox əziyyət çəkirik”.
Raifə xanım ilkin ödənişi olmasa da onlara güzəştli şərtlərlə ipotekaya ev verilməsini aidiyyatı qurumlardan xahiş edib:
“Müraciətimin YAŞAT Fonduna çatacağına ümid edirəm. Heç olmasa ev verən şirkətlərdən xahiş edirəm ki, bizə ilkin ödənişsiz ev götürməyə dəstək olsunlar. Kirayəyə verdiyim pulu ipotekaya ödəyərdim. İlkin ödənişə imkanım yoxdur. Hər ay 300-400 manat kredit borcunu verə bilərəm. Müraciətlərimi iki şirkət cavab verdi və onlar da bir neçə ildən sonra binalarının tikilib istifadəyə veriləcəyini bildirdi. Xahiş edirəm bizə köməklik etsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir