Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış 10 noyabr bəyanatına əsasən Laçın rayonu-Dağlıq Qarabağ ətrafında işğal edilmiş sonuncu rayon dekabrın 1-nə keçən gecə Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
Bu razılaşma elan ediləndən bir gün sonra Laçın ərazisində qanunsuz məskunlaşan ermənilər-mülki işğalçılar rayonun yaşayış məntəqələrini tərk etməyə başlayıblar.
Hələ illər əvvəldən məlum idi ki, Ermənistan Cenevrə konvensiyasının tələbələrini pozaraq və hərbi cinayətə əl ataraq işğal edilmiş Laçında genişmiqyaslı məskunlaşma həyata keçirib. Bura Ermənistandan, eləcə də Yaxın Şərqdən və bir çox xarici ölkələrdən ermənilər köçürülüb. Nəticədə Laçında minlərlə erməni on illərdir qanunsuz yaşamaqda idi və onların həyasızlığı o dərəcə uzağa getmişdi ki, işğala qədər heç vaxt ermənilər yaşamayan kəndlərin adlarını erməni toponimləri ilə dəyişdirmişdilər. Buraları “qədim erməni torpaqları” kimi təqdim edirdilər.
İndi isə onların bu torpaqlardan rədd olub getmələrinin vaxtı çatıb. Əslində rəşadətli Azərbaycan ordusu cənub istiqamətindən irəliləyərək hərbi əməliyyatların dayandırılmasına bir neçə gün qalmış Laçın şəhərinin bir neçə kilometrliyinə çatmışdılar. Nəticədə qorxuya düşən mülki işğalçılar Laçın şəhərini və rayonun kəndlərini sürətlə tərk edərək Ermənistana getmişdilər. Noyabrın 10-dan etibarən Laçın şəhərindən keçən və Xankəndinə gedən yol Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçdi və ermənilərin hərəkəti üçün 5 kilometr enində dəhliz yaradıldı. Bu dəhliz Laçın şəhərindən keçdiyi üçün şəhərin müvvəqqəti olaraq, yeni marşrut müəyyən edilənədək sülhməramlıların nəzarətində qalması yəqinləşdi. Nəticədə qondarma “dqr”  rejimi “berdzor” adı verdikləri laçından Ermənistana gedənləri geri qayıtmağa çağırdı.
Lakin Laçında qanunsuz yaşayan Armen Movsesyan adlı erməni “Kavkazskiy uzel”ə deyib ki, müharibədən əvvəl burada 2 mindən çox adam yaşayırdı. İndi isə cəmi 200-ə yaxın adam qalıb, onların da hamısı kişilərdir. Hazırda Movsesyan ailəsi ilə birlikdə Yerevandadır və Laçına qayıtmaq istəmir.  “Bizə deyiblər ki, qayıda bilərik. Lakin mən təhlükəsiz şəraitdə yaşaya biləcəyimizə inanmıram. Çoxları belə hesab edir. Qorxu içərisində yaşamaq real deyil”,-o bildirir. Və əlavə edir ki, döyüşlərdə yaralanan oğlu sağalıb iş tapa bilsə Yerevanda qalacaq.
İşğalçıların vaxtilə Laçın, Qubadlı və Zəngilan rayonlarının yerində yaratdıqları qondarma “kaşataq rayonu”nun “administrasiyasının” əməkdaşı Nelli Tatosyan isə Facebook-da yazır ki, dolaşan xəbərlərə görə Laçın şəhəri də rayonun digər kəndləri ilə birlikdə Azərbaycanın nəzarətinə keçir. “Hansı ki, zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır. əgər onu da versələr deməli Dağlıq Qarabağda yaşayanlar eni 8 metr olan yolun ümidinə qalacaqlar”,-o bildirir.
Laçın rayonu 1992-ci ilin mayında işğal edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir