Ermənilər özlərinin yandırıb çıxdıqları bir sıra kəndlərə yenidən  qayıdırlar?..

Azərbaycan Respublikasının rəsmi inzibati xəritəsinə əsasən  Kəlbəcər rayonuna daxil olan, 1993-cü il işğalından sonra  “Çarektar” adlandırılmış Çərəkdar və  Tərtər rayonuna daxil olan, “Aknaberd” adlandırılmış Umudlu  kəndlərinin Qarabağdakı qondarma separatçı-xuntanın nəzarəti altlnda qalması barədə informasiyalar yayılıb.
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar verildikdən sonra ermənilər  sözügedən kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin  sonradan kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Umudlu kəndi ermənilərin nəzarətində qalacaq. Kənd sakinləri bundan son anda xəbər tutublar və şoka düşüblər…
“Çarektar kəndinin sakinlərinin çoxu evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil”, – deyə Tsakanyan bəyan edib.
Xatırladaq ki, Çərəkdar və Umudlu kəndləri  sovet dövründə Ağdərə rayonunun tərkibində olub və bu kəndlərdə azərbaycanlılar yaşayıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra həmin kəndlər Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca “Şaumyan rayonu” da yaradıblar) və Tərtərin  tərkibinə verilib.  Odur ki, ermənilər düşünüb ki, Kəlbəcər Azərbaycana qaytarılırsa, deməli, Çərəkdarı da tərk etməlidirlər.
Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çərəkdar və Umudlunun adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb…
Əgər bu informasiya doğrudursa, belə çıxır ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə qatılmış Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri, Kəlbəcər rayonuna qatılmış Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ  kəndləri və Tərtər rayonuna verilmiş Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq,  Seysulan(Talış, Suqovuşan və Çaylı son 44 günlük savaşda ordumuz tərəfindən azad edilib) kəndləri və onlara məxsus torpaq sahələri  hələlik separatçı-terrorçu erməni xuntasının nəzarətində qalır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir