Malayziyanın “New Straits Times” qəzetində Azərbaycanla bağlı geniş məqalə dərc olunub.

AENPRESS.İNFO-AZƏRTACa istinadən xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin əməkdaşı Rafiq Rüstəmovun müəllifi olduğu “ASEAN-Azərbaycan əməkdaşlığın potensialı” adlı məqalədə iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilmiş görüşünün əhəmiyyətindən bəhs olunur. Qeyd edilir ki, dövlətimizin başçısının görüş zamanı səsləndirdiyi məqamlar yalnız bu üç ölkə üçün deyil, eyni zamanda, bütün ASEAN ölkələrinin daxil olduğu region üçün mühüm əhəmiyyət daşıyır. Bildirilir ki, görüşdə müzakirə edilən bir sıra aktual məsələlərlə yanaşı, beynəlxalq ictimaiyyət Xəzər regionunda həyata keçirilən layihələrə ölkəmizin verdiyi töhfələr barədə ətraflı məlumatlandırılıb.

Məqalədə Azərbaycanın son illərdə müasir nəqliyyat və logistika infrastrukturuna cəlb etdiyi investisiyalar, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizindəki donanmanın qüdrəti barədə məqamlar diqqətə çatdırılıb. Həyata keçirilən uğurlu işlərin nəticəsi kimi, Davos Ümumdünya İqtisadi Forumu tərəfindən müxtəlif istiqamətlər üzrə tərtib olunan reytinq cədvəllərində Azərbaycanın tutduğu yüksək yerlər qeyd edilib.

Həmçinin hazırda Əfqanıstanı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa qitəsinə birləşdirməyi nəzərdə tutan Lapis Lazuli nəqliyyat dəhlizi, eləcə də 2013-cü ildə əsası qoyulan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsində ölkəmizin malik olduğu coğrafi-strateji önəm vurğulanıb. Qeyd olunub ki, belə layihələr vasitəsilə Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi tərəfindən həyata keçirilən böyük inteqrasiya layihələrinin mərkəzində yer alır.

Qeyd olunanlar fonunda Azərbaycanın ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ilə əməkdaşlıq üçün böyük potensiala malik olduğu vurğulanıb.

Məqalə Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 21-də Davos Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədən bir sitatla yekunlaşır: “Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

Qeyd edək ki, mətbuat sahəsində 175 illik təcrübəyə malik olan “New Straits Times” qəzeti təkcə Malayziyada deyil, təqribən 650 milyon əhalisi olan Cənub-Şərqi Asiya regionunda ən çox müraciət edilən nəşrlərdəndir.

Vüqar Ağayev