Bu gün dünyanı təşvişə salan koronavirus pandemiyası (COVID-19) qlobal böhran halını alıb. Dünyanın nizamını dəyişmiş, iqtisadiyyatları çökdürmüş bu virusun fəsadlarından qurtulmaq yolları yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsi düşündürür. Pandemiya bəşəriyyətin son illərdə üzləşdiyi bütün qlobal xəstəlikləri ötüb keçib. Cəmiyyətimizdə elə bir sahə yoxdur ki, koronavirus infeksiyasının yaratdığı fəsadlar oradan yan keçmiş olsun. Bəzən bizə elə gəlir ki, xəstəliklə mübarizə yalnız həkimlərin üzərinə düşən vəzifə borcudur. Virusun yayılmağa başladığı ilk vaxtlardan yaranmış vəziyyət onu göstərdi ki, bu belə deyildir. Bu çətin sınaq müddətində cəmiyyətimizin üzərinə böyük məsuliyyət düşür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla deyib.

Akademik vurğulayıb ki, pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və xəstəlikdən daha az itki ilə çıxmaqdan ötrü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk gündən çevik qərarlar qəbul edildi və dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görüldü. Bu da xəstəliyin ölkəmizdə kütləvi surətdə yayılmasının qarşısını aldı.

Xəstəlik peşəsindən asılı olmayaraq hər kəsdən məsuliyyət tələb edir. Bir məqamı xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyev çıxışlarında vətəndaşları nizam-intizamlı olmağa, məsuliyyətli davranmağa səsləyir, iştirak etdiyi bütün tədbirlərdə tibbi maska istifadə etməklə nümunəvi davranış göstərir. Əgər dövlət başçısı belə davranış nümayiş etdirirsə bizlər niyə bundan nümunə götürməyək?!

“Çox təəssüflər olsun ki, cəmiyyətimizdə hələ də bu ağır durumu kifayət qədər ciddi qəbul etməyən insanlar da var. Son statistik rəqəmlər göstərir ki, məsuliyyət ifadəsinin özünə də hələ ciddi yanaşmayanlar var. Pandemiya bizim iradəmizin, özümüzün, doğmalarımızın və başqalarının həyatının qorunmasına cavabdehliyimiz üçün bir imtahandır. Bu sınaqdan uğurla çıxmağımız üçün dövlətin karantinlə bağlı müəyyənləşdirdiyi qaydalara əməl etməliyik. Nə qədər ki, bizlər karantin qaydalarından yayınmağa çalışacağıq, evdə qalmayacağıq, sərbəstliyimizi ifadə etməyə çalışacağıq, bu vəziyyət bir o qədər də uzanacaq. Əgər bu vəziyyətin daha kəskin çərçivələrdə davam etməyini istəmiriksə, ciddi şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməliyik. Hər bir vətəndaş sosial məsafə saxlamaqla, tibbi maskadan istifadə etməklə, gigiyenik qaydalara riayət etməklə həm özünü, həm də yaxınlarını, ümumilikdə cəmiyyəti qorumuş olur.

Xoşbəxt gələcəyimiz naminə virusa qarşı mübarizədə birlik göstərərək, həmrəy olub bu qlobal bəladan minimum itkilərlə çıxmağa çalışmalıyıq”, – deyə Kamal Abdulla qeyd edib.