İordaniyanın geniş oxucu auditoriyasına malik www.orobanews.comwww.nayrouz.comwww.cleopatranews.com elektron xəbər portallarında “Azərbaycan xalqı Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə müasir tariximizdə 15 iyun gününün əhəmiyyəti barədə oxuculara məlumat verilir. 1993-cü ilin həmin günündə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtdığı və 15 iyun tarixinin 1997-ci ildə Milli Məclisin qərarı ilə bayram elan olunduğu diqqətə çatdırılır.

Məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə bacarıqlı rəhbərin olmaması səbəbindən böyük çağırışlarla üzləşdiyi bildirilir. Bunun nəticəsi olaraq, ölkə ərazisinin bir hissəsinin işğal edildiyi vurğulanır. Bu cür mürəkkəb vəziyyətdə xalqın bütün təbəqələrinin xilas yolunu məhz qüdrətli şəxsiyyət olan Heydər Əliyevdə gördükləri qeyd edilir.

Məqalədə 15 iyun 1993-cü ildəki böyük qayıdışın Azərbaycanın hərtərəfli qüdrətlənməsinə, sivil dünyaya inteqrasiya yolunu açmasına, habelə xalqda gələcəyə inam yaratmasına gətirib çıxardığı bildirilir. Ulu öndər Heydər Əliyevin milli həmrəylik naminə yorulmaz fəaliyyəti nəticəsində fərqli-fərqli qitələrdə yaşayan soydaşlarımızın öz tarixi Vətəni ilə sıx əlaqə yaratmaq, eləcə də dil və ideoloji birliyi gücləndirmək hədəfi ilə Dünya Azərbaycanlılarının Konqresinin təsis edildiyi barədə məlumat verilir.

Yazıda Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin Azərbaycanı gələcəyə doğru inamla apardığına diqqət çəkilir. Dövlət başçısının ulu öndər Heydər Əliyev haqqında fikirləri məqalədə öz əksini tapıb. Həmçinin Ümummilli Liderin müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin üzləşdiyi vəziyyətlə əlaqədar fikirləri də yer alıb.

Məqalə bu fikirlərlə yekunlaşır: “Heydər Əliyevin iradəsi yenilməz idi. Uzaqgörənliyi, fədakarlığı, o cümlədən bütün əməllərində Vətəninə sədaqət Ulu Öndəri Vətənə xidmətdə bənzərsiz Ümummilli Liderə çevirib. Ümummilli Lider öz həyatını həyatından çox istədiyi xalqına və ölkəsinə həsr etmiş müdrik dövlət xadimi və siyasi xadim idi. Bu da öz növbəsində, ona müasir Azərbaycan tarixinin banisi adını qazandırıb. Azərbaycan xalqı Heydər Əliyev irsinə gələcəyin təminatçısı kimi yanaşır”.