Bu gün tariximizin böyük bir günüdür-Azərbaycan Cümhuriyyəti yaradılmasının 102-ci ildönümüdür. Belə bir gündə bu möhtəşəm hadisə ilə bağlı Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu  M.Ə.Rəsulzadənin öz sözlərini eşitmək daha məqsədəuyğundur.Odur ki, M.Ə.Rəsulzadənin 1926-cı ildə İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalındakı “Həzin bir bayram” yazısını ilk dəfə olaraq oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu, tarix elmləri doktoru
 
Məhəmməd Əmin Rəsulzadə
HƏZİN  BİR  BAYRAM
28 Mayıs – bu,gənc Azərbaycan Cumhuriyyətinin tarixinə məbdə(başlanğıc) olan böyük bir gündür. Böyük Türk milliyyətpərvərliyinin sevinclərlə keçirdiyi və ümidlərlə yad etdiyi məsud(xoşbəxt) günlərdəndir.
Bu bir bayramdır, fəqət, həzin bir bayram. Həzin, çünki mövcudiyyətinin məbdəini(başlanğıcını)təşkil edən bu günü Azəri Türkü kəndi yurdunda təsid(bayram etmək) eyləmək qüdrətində deyildir. Bolşevik istilası altında bulunan yurdumuzda bu günü bayram saxlayanların yeri zindan, onu təsid edənlərin nəsibi edamdır!
Həzindir, çünki Türklüyün mərkəzi bulunan burada belə təsid mərasimini könül istədiyi kimi ifa etmək hələ məhsursuz(mühasirəyə alınmış) deyildir.
Böylə hüzun-əngiz amillərin təsiri ilə vətənimin istiqlal günlərini xatırlıyor, qarşımda bulunan birtaqım əski qəzetə nüsxələrini qarışdırıyordum.
İştə “İqdam”  qəzetəsinin 8251-ci nömrəsi: Burada Türk Ocağı tərəfindən Azərbaycan istiqlalının təsdiqini təsid üçün yapılan möhtəşəm ixtifalın təfsilatı mündəricdir. Möhtəşəm Xalidə xanım “Sevgili bayrağımızın yanında duran şu sevimli bayrağı salamlayıram” diyor. Bu, alqış tufanıdır, qopuyor. Yusif Akçura bəy pək qüvvətli bir nitqi ilə ilk Türk Cumhuriyyətinin təsisini və bu cumhuriyyət təsisində Türkiyənin xeyrini düşünür, məfkurəvi qəzasını nə mübəccəl(müqəddəs), nə ruhlu bir lisan ilə izah ediyor.  Bu nitq, bu qardaş səsi Türkiyənin ən qaranlıq günlərində eşidiliyordu. Qardaş məmləkətin səadəti Türkiyəyə kəndi ələmlərini unutduruyordu.
11 Mart 1926 tarixli “Təsviri Əfkar” nüsxəsi gözümə ilişiyor. Burada da bir “qardaş səsi”ndən bəhs olunuyor. Müsavat Firqəsinin Bakıda çıxan naşiri əfkarı “İstiqlal” qəzetəsindən bir məqalə iqtibas olunuyor. Bu məqalədə “Türkiyə məsələsi” mövzu bəhsidir. Cahan məsələləri meyanında halına intizar olunan Türkiyə məsələsinin Azərilər üçün ən həssas bir məsələ olduğu qeyb edildikdən sonra deyiliyor ki, “Antantanın Azərbaycan istiqlalının təsdiqi xəbəri matəm içində bulunan İstanbulda bir toy kibi tələqqi edilmiş; istiqlalımızı təsdiq günlərində yapdığımız şənliklərdə İstanbulun Türklərdən alınacağına aid çıxarılan xəbərlər xalqımız üzərində toy içində matəm təsiri hasil etdirmişdi”. Mühərrir xatiməi makal(söz söylənişi) olaraq diyor ki:
“Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən, Fasından, Hicazından, Beynən-nəhreynindən həpsindən keçər, be-şərtlə ki, Anadolu təkrar kapitülasyonlara məruz qalmasın, be-şərtlə ki, artıq kəndi(öz) qanını, canını kəndi yurduna, kəndi övladına sərf edən Türk Məhmətçiyi yurduna sahib olsun. Ümid edəlim ki, böylə olacaq, çünki, Türk milləti böylə istiyor. Çünki vicdanı bəşəriyyət böylə əmr ediyor”.
Mühərririn milli iradəyə və bəşəriyyət vicdanına sığınaraq yapdığı kəhanət(qeybdən xəbər verən) bu gün bir həqiqətdir. Anadolu, Türklüyü qurtarmışdır. Kapitülasyonlar qalxmışdır. Sevr Muahədəsi(anlaşması) yırtılmış, bütün cahan Türk Cumhuriyyətinin istiqlalını qəbul ilə Anadolunun ağıllara heyrət verən müvəffəqiyyətləri qarşısında mat və məbhut( mat və təəccüblü) qalmışdı.
Azərbaycan mühərririnin bu kəhanəti mənə digər kəhanəti xatırlatdı. Azərbaycan Cumhuriyyətinin süqutunu təşkil edən 27 Nisan yevmi məşumu münasibətiylə üç sənə əvvəl yazdığı məqalədə Falih Rıfqı bəy böyük Türkiyənin misalından bəhsilə bu gün yerlərə enmiş Azərbaycan bayrağının təkrar yüksələcəyini təbşir(muştuluqlalma) ediyordu.
Əvət, bu bayraq təkrar yüksələcək və bu dəfə 28 Mayıs bayramını Azərilər vətənlərində fəxr və məsrur(şən,şad) bir surətdə təsid edəcəklərdir.
Vətəndəki qəhrəman azərbaycanlılar hər növ məvaniə rəğmən bu günü təsid ediyorlar. Fəqət bu, pək həzin bir surətdə icra olunuyor. Bilməm Şəmsəddin Sami bəyin “Gavə” namıyla  tarixi pyesindəki Dəhhaq istilasına məruz qalan Farsi qədim İranilərin novruz təsidinə aid olan səhnəni xatırlarmısınız? Baharın fəyyaz günəşini zalım zabitənin qəddar təcəssüsündən saklı bir yerdə, səssiz və gülşən bir dərədə təsid edərkən birdən cəlladlar çıkıyor, çocuqları ana-babalarından alaraq, ilanlara yedirtmək üçün götürüyorlar, nə həzin bir mənzərə!..
Digər bir misal: Roma tarixinin həyəcanlı səhnələrindən ən fəcini xatırlayınız. Xristianların uğradığı təqibatı kitablarda oxumamısanız, sinema filmlərində mütləq görmüşsünüzdür. Etiqadları üzündən canavarlara yedirilən məzlumlar… Nə ələm bir mənzərə!
İstiqlal gününü yad üçün gizli məhfillərdə toplanan, gizli mətbuat qiraətiylə məşğul olan Azərbaycan gəncliyi Dəhhaqçı bir basqından heç də əmin deyildir. Nitəkim Buzlu Cəhənnəmlərdə ukubət(cəzalandırmaq) çəkməklə təzib olunan istiqlal möminləri də canavar çekistlərin qanlı həmlələrinə məruzdurlar.
Fəqət Dəhhaq basqını Novruz Bayramını, Roma əzabları Xristian dinini məğlub edəmədiyi kibi qızıl imperializmin onlardan əskik olmayan qəhri də 28 Mayıs bayramındakı mədlul ilə istiqlal məfkurəsindəki ruhu öldürəməz. İstiqlal və milli hakimiyyət məfkurəsi mütləq qalib gəlir!
Haqqı istiqlal, vaxtiylə Vilson prinsiplərinin ən canlısını təşkil etməklə Şərq millətlərinin ruhunu təshir eyləmiş, sonra da Üçüncü İnternasionalın ağzından eşidilməklə böyük ümidlər doğurmuşdu. Fəqət təcrübə bu şüarın gərək qara və gərək qızıl imperializm siyasiləri lisanında bir məqsəd deyil, yalnız bir vasitədən ibarət olduğunu göstərdi. Vilson prisipləri, Sevr Muahədənaməsi, bolşevik şüarları da Azərbaycan istilası şəklində müdhiş bir süquta uğradı.
Milliyyət prinsipinin haqq və həqiqət olduğuna bağlanan ümidlər az qala puç oluyor, hər tərəfi bir zülmət qaplıyordu ki, Misaqi Milli parlaq zəfəri ilə gəldi, məsələni başqa bir zaviyeyi rüyətdən aydınlatdı: İstiqlal və hakimiyyəti milliyə haqdır, fəqət, bu haqqı qazanan qüvvət hər şeydən əvvəl millətin kəndisidir.
Azərbaycan gəncliyi bu gün tarixində ilk dəfə doğmuş bir Türk cumhuriyyətinin qısa bir həyatı istiqlal yaşadıqdan sonra təkrar əsarətə giriftar olduğunu həzin bir təxərrüslə(acıqla, hirslə) yad edərkən, Anadolu zəfərindən alınan bu dərsi unutmayaraq, yaxın istiqbalda təkrar kəndi hürriyyət və istiqlalına qovuşacağına ümid edər.
Tarixi qədim Dəhhaqiləri təbii bahar bayramını, romalılar da xristianlığı mən edəmədikləri kibi, əsri cədid müstəvliləri də təbii istiqlal bayramını ilələbət mən edəməz və arzuları rəğminə, Türkləşmək, İslamlaşmaq və Müasirləşmək şüarını tərmiz edən(səciyyələndirən) üç boyalı Azərbaycan bayrağı təkrar yüksəlir və isbat edər ki, qurşuna düzülürkən “Yaşasın İstiqlal!” deyə ölən Mürsəlzadələr bihudə yerə ölməmiş, kəndi ölümləri ilə bir ideal yaratmışlardır.
“Yeni Qafqasiya” jurnalı,İstanbul, 
28 Mayıs  1926 / 17 zülqədə  1344, il:3, sayı:14, s. 6-8
 
 
Red: 28 Mayıs  1926 / 17 zülqədə  1344  – 28 May 1926
 
LÜĞƏT
Təsid    –  bayram etmək
Məbdə   – ibtida,  başlanğıc
Məhsur  –    hasarlanmış, mühasirə edilmiş
Mübəccəl –  müqəddəs,  pak, uca
Makal  –   söz söyləniş
Kəhanət  – qeybdən xəbər vermək. falçılıq etmək
Məbhut  –   döyükmüş,  mat
Təbşir –  müştuluqlama
Məsrur  – şən, şad
Ukubət  – cəzalandırmaq
Təxərrüs  – açıq, hirs,  parçalyan