Mayın 19-da bir sıra xəbər portallarında yayımlanmış video-materiallarda  Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına söylənilən iddiaların heç bir əsası yoxdur…

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısının nəticəsi olaraq “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən 2019-cu ildə Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında 245 ailəlik, Vağazin obasında 256 ailəlik, Şeylanlı obasında 144 ailəlik, cəmi 645 ailəlik üç qəsəbə inşa olunmuşdur.
Lakin görülən bu məqsədyönlü tədbirlərə sevinməyən və yaradılmış hərtərəfli şəraiti gözü götürməyən “AzTimes Tv”, “1 xeber”, “Azad Soz” saytlarının və bir sıra xəbər portallarının onlara təqdim edilmiş məlumatları araşdırmadan, reallığı öyrənmədən öz səhifələrində Laçın Rayon İcra Hakimiyyəti barəsində heç bir fakta söykənməyən uydurma məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratması təəssüf doğurur.
Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Bununla yanaşı həmin Qaydanın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi yalnız Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli şəkildə icra edilir.
Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış işçi qupu həmin yeni qəsəbələrə köçürüləcək məcburi köçkünləri yerində siyahıya almış, onların yaşayış şəraitini əks etdirən foto və video-materiallar hazırlayaraq komissiya təqdim etmişdir. İşçi qrupunun hazırladığı siyahılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xususi komissiyada təkrar yoxlanılmış və evlərin paylanması həmin komissiyanın yekun qərarı əsasında həyata keçirilmişdir.
Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi ilə əlaqədar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, Xüsusi komissiyanın sədri Eldar Zeynalov 30.04.2020-ci il tarixdə “Real tv”-də ictimaiyyət üçün geniş məlumat və izahat vermişdir.
Həmin qəsəbələrdəki mənzillərin paylanılması mövzusu ətrafında 19.05.2020-ci il tarixdə sosial şəbəkələrdə məqsədli şəkildə yayımlanmış video-görüntülərdə Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına səsləndirilən iddialar  həqiqəti əks etdirmir, yalan, böhtan və iftiradan ibarətdir.
Bununla yanaşı, bəzi xəstə təfəkkürlü maraqlı şəxslər  tərəfindən qərəzli şəkildə belə uydurma məlumatların yayılması rayon ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilir və ictimai qınağa səbəb olmuşdur.
Laçın Rayon İcra Hakimiyyəti
19 may 2020-ci il.