“Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə 2016-2017-ci illərdə İmişli rayonundan imtiyazlı şəxslər-əlilliyi olan insanlar, anadangəlmə qüsurlu insanlar, Qarabağ əlilləri, əlilliyi olan məhbus ailəsi tərəfindən şikayət ərizələri daxil olmuşdur. Həmin müraciətlərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində əməkdaşlarımız dəfələrlə İmişli rayonunda olmuş, ailələrin problemləri ilə yerindəcə tanış olmuş və onların problemlərinin həlli ilə bağlı aidiyyti üzrə İmişli Rayon İcra Hakimiyyətinə və digər dövlət təşkilatlarına rəsmi müraciətlər etmişlər. İcra hakimiyyətində olarkən müraciət edən vətəndaşlara qarşı məmurların qanuna zidd hərəkətləri ilə qarşılaşdıq, əlilliyi olan insanların problemləri ilə bağlı məktub təqdim etdikdə qeyri-qanuni hərəkətlərlə rastlaşdıq. Belə ki, ümumi şöbəyə məktub təqdim etdikdə bizə bildirdilər ki, icra başçısı tanış olmasa biz məktubları qeydiyyata ala bilmərik. Halbuki məktub qeydiyyata alındıqdan sonra icra başçısı məktublara baxmalıdır. İcra başçısının müavini ilə görüş zamanı gəlişimizin səbəbini bildikdə o da sayğısız və etinasız yanaşdı. Biz də məcbur qalıb məktubları poçtla göndərdik. Bu göstərirdi ki, İmişli Rayon İcra Hakimiyyətində özbaşınalıq, anarxiya idi. İmişli Rayon İcra Hakimiyyəti əlilliyi olan insanların problemlərinin həlli ilə məşğul olmaması bir yana, o problemlərlə bağlı möhtərəm Prezident İlham Əliyev cənablarına və I vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər aidiyyəti təşkilatlara ünvanlanmış məktublar aidiyyəti üzrə İmişli RİH-ə yönəlməsinə də məhəl qoyulmurdu, problemin həlli üçün heç bir əməli tədbir görülmürdü.

İndi söylədiyiniz haqq-ədələt budurmu, Vilyam Hacıyev?! Cavadxanlı kəndinin sayılıb-seçilən, dindar ailəsi-mərhum Mirqayıl Ağayevin ailəsinə etdiyiniz haqsızlıqları xatırlayırsız yəqin ki?! Atalar yaxşı deyib, nə əkərsən, onu da biçərsən.

Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetində