O dünyaya sağlam göz açıb, sağlam böyüyüb. Ancaq yaranan bir zərurət onun da həyat planlarının və sağlamlığının üzərindən xətt çəkib. O zərurət ki, onun yaranma səbəbi Vətənin müdafiəsi qədər şərəfli olub. Vətən yolunda sağlamlığını itirib, yarıcan yaşayanlardan biri də I Qrup Qarabağ Müharibəsi əlili Qardaşxan Xurşud oğlu Mehdiyevdir. Gəlin bəzi tamahkar məmurların Yasamal rayonunda onun başına gətirdikləri haqsızlıqlarla tanış olaq:

 

Qardaşxan Xurşud oğlu Mehdiyev I Qrup Qarabağ Müharibəsi əlili olaraq, 1997-ci ildən Bakı şəhəri, Yasamal rayonu , 2-ci Alatava – 95 “C” ünvanında yerləşən 100 kv.metr və onun ətrafındakı 120 kv.metrlik əlavə torpaq sahəsində  ona məxsus iaşə ocağını  icarəyə verməklə ehtiyaclarını ödəyib. Belə icarədarlatdan biri də aralarındakı müqavilə əsasında Cabbarov Yəhya Bilal oğlu olub.

Cabbarov Yəhya Bilal oğlu həmin torpaq sahəsini Bakı şəhəri, Yasamal rayonu Bələdiyyəsinin 01.12. 2014-cü ildən tarixli №43/06-li saxta Sərəncamına əsasən 100,0 kv.metr olan iaşə obyektinin, eləcə də onun ətrafında istifadə etdiyi 120,0 kv.metr torpaq sahəsinin vergisini ödəyib. Bütün kommunal ödənişlər Qardaşxan tərəfindən aparılıb. Azərişıq ASC-nin 501100819 nömrəli abonenti Q.X.Mehdiyev işıq pullarını da özü ödəyib.

Lakin, 04.06.2015-ci ildə Cabbarov Yəhya Bilal oğlu ilə Qarabağ Müharibəsi əlili Qardaşxan Mehdiyevin aralarında  kəskin mübahisə yaranıb. Həmin vaxtdan Yəhya ilə Qardaşxan arasındakı müqavilə pozulub. İaşə ocağında quraşdırılan plastik tikiliyə görə Yəhyanın və 4 nəfərin iştirakı, eyni zamanda imzası ilə  Qardaşxan Mehdiyev Yəhya Cabbarova 2500 (iki min beş yüz) manat pul ödəyib.

Bütün bunlara baxmayaraq Cabbarov Yəhya Bilal oğlu, Qarabağ Əlilinin istifadəsində olan torpaq sahəsini müxtəlif yollar və vasitələrlə, bəzi vəzifə səlahiyyətlərindən sui istifadə edən məmurların köməyi ilə saxta sənədlər əldə edərək, mənimsəməyə çalışmışdır.

Həmin sənədlərdən birində Bakı şəhəri Yasamal Bələdiyyəsinin yuxarıda qeyd olunan 01.12.2014-cü il  tarixli, №43/06-li sərəncamı əsasında, Yasamal Rayon Bələdiyyəsi İcra Aparatının  təsdiq etdiyi SİTUASİYA PLANIdır. Digər sənəddə isə Yasamal Rayon Bələdiyyəsi özünün təsdiq etdiyi həmin sənədi 15.01.2018-ci il tarixli, 22 nömrəli məktubunda təkzib edir ki, BŞİH-nin 26.09.2000-ci il tarixli, 906 saylı sərəcamına əsasən həmin torpaq sahəsi Yasamal Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları xaricindədir. Buradan maraqlı bir fakt ortaya çıxır. Bəs necə olur ki, bunu bilərəkdən bələdiyyə sədri öz səlahiyyətlərini aşa bilir?..

 

Vətənin qorunması, Qarabağ  torpaqlarımızın  xilası uğrunda canını fəda edən bir Qarabağ əlilinin başına gələn bu ədalətsizliyə baxmayaraq, Cabbarov Yəhya Bilal oğlu məhkəmə qəralarını da öz xeyrinə həll edib. O həmin məhkəmə  qərarı ilə  Yasamal Rayon İcra şöbəsinin adı ilə naməlum polislərin zorakılığı nəticəsində obyekt sahibi, Qarabağ Müharibəsi əlili Qardaşxan Mehdiyevi ərazidən uzaqlaşdırıb. Odur ki, I Qrup Əlil Apellyasiya Məhkəməsinə müraciət edib.

Redaksiyadan xahiş edir ki, onun hüquqlarımı müdafiə edərək, səsini aidiyyatı qurumlara, eləcə də ölkə başçısına çatdıraraq, ictimailəşdirək. Bu qədər şahidləri, sübutları olan I Qrup Qarabağ Əlili bu ədalətsizlik belə davam edərsə, son anda özünü, ona məxsus həmin iaşə ocağı ilə birlikdə yandıracağını qeyd edir.

İnanırıq ki, ölkə başçısının son zamanlar bəzi məmur özbaşınalığına, saxtakarlığına qarşı apardığı qətiyyətli mübarizə Yasamal Rayonunda da baş verən ədalətsizliklərə qarşı öz sözünü deyəcək. Günahkarlar cəzalanacaq, haqq öz yerini tapacaqdır.

 

 

 

 

 

 

Aenpress.info