Amerikalı milyarder, “Soros Fondu”nun qurucusu Corc Soros İngiltərənin “İndependent” qəzetinə verdiyi müsahibəsində post-pandemiya dövrü barədə fikirlərini bölüşüb.
Moderator.az xəbər verir ki, 90 yaşlı Soros koronavirusu “ömrüm boyu görmədiyim ən böyük bəla” adlandırıb. O, bəşəriyyətin bu bəla qarşısındakı durumunu belə qiymətləndirib:
“Dünyanın bu qədər hazırlıqsız olması məni çaşdırıb. Bu virus mədəniyyətimiz üçün də böyük bir təhlükə yarada bilər. Ancaq koronavirus bir çox mətləbə aydınlıq gətirəcək. İndi biz hərəkət edən hədəfə atəş açırıq, amma o yenə hərəkətdədir və hər gün situasiya dəyişir. Kovid-19-a qalib gəlməyimiz uzun zaman çəkəcək”.
Kapitalizm sisteminin çöküb-çökməyəcəyi barədə sualı cavablandırarkən Corc Soros bildirib:
“Kapitalizm çökməyəcək. Bu sistem möhkəm özüllər üzərində qurulduğundan geriyə dönüş olmayacaq. Bunu dəqiq bilirəm. Sadəcə kapitalizmin indən sonra hansı mərhələyə qədəm qoyacağı, necə bir təkamüldən adlayacağı məlum deyil. Koronavirus pandemiyası sözsüz ki, insanları və ölkələri bir araya gətirə bilər. Buna doğru irəliləməyə dəyər”.
Qorxu hissi haqqında da danışan milyarder qorxunun xeyir işlərə yaraya biləcəyini vurğulayıb: “İndiki şəraitdə insanlar ancaq qorxuyla hərəkət edirlər. Qorxu hissi insanlara özlərinə və başqalarına mərhəmətli olmağı, zərər vurmamağı təlqin edir”.
Corc Soros əzəli rəqibi olan ABŞ prezidenti Donald Tramp barədə də danışıb. Öncə məsələyə ABŞ-Çin bucağından baxmağı doğru sanan milyarder vurğulayıb:
“ABŞ-la Çin arasında münasibətlər getdikcə qarışıq hala gəlir. İqlim dəyişikliyi və pandemiya ilə bağlı qlobal problemləri həll etmək üçün birlikdə çalışmağın zamanıdır, amma tərəflərin heç biri bunu bacarmır. Amerika və Çin əlbir olmaq əvəzinə önə çıxmaq üçün yarışa giriblər. Daha bir problem isə iki fərqli sistemə sahib ölkənin bir araya gəlməsinə əngəl törədən ideoloji faktordur”.
Donald Tramp haqqında heç vaxt müsbət fikirdə olmayan Corc Soros ABŞ prezidentinin düşünüldüyü qədər ağıllı olmadığına işarə edərək deyib: “Tramp diktator olmaq istəyir. Sözsüz ki, demokratik Amerika cəmiyyəti, qanunlar buna imkan verməyəcək, amma onun niyyəti məlum deyil, yəni təhlükə hələ də var”.
Avropa Birliyini mükəmməl olmayan təşkilata, yarımçıq quruma bənzədən Soros hüquq üstünlükləri olmayacağı təqdirdə bu birliyin çökə biləcəyini söyləyib.
Milyarder Soros qeyd edib ki, Almaniyanın “Bundesbank”ı Avropa Mərkəzi Bankından 2.7 trilyon avro götürməyi planlaşdırır. O bildirib ki, bu məsələ gerçəkləşsə, Avropa Birliyi məhv olacaq.