“WhatsApp Messenger” İsrailin “NSO Group” texnologiya şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Moderator.az-ın məlumatına görə, iddiada “NSO Group”un haker xidmətlərindən istifadə etməklə 1400 nəfər WhatsApp istifadəçisinin smartfonlarından şəxsi məlumatları oğurlayıb satmaqda ittiham olunur.
ABŞ-ın Kaliforniya dairə məhkəməsində yaxın vaxtlarda başlanacaq prosesə qatılacağanı açıqlayan “Facebook” şirkəti də “WhatsApp”ı dəstəkləyəcəyini bəyan edib. “WhatsApp” “NSO Group”un qanunsuz əməllərinə son qoyulacağına, həmçinin şəxsi informasiyaların qeyri-qanuni yolla əldə edilməsi nəticəsində həyatı təhlükəyə atılan müştərilərin haqqının bərpa ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
“WhatsApp”ın iddiasına görə, qalmaqalda adı keçən İsrail şirkəti dəfələrlə Bəhreyn, Səudiyyə Ərəbistanı, Meksika və başqa ölkələrə müxalifət nümayəndələri, jurnalistlər, aktivistlər və diktator rejimlərini qəzəbləndirən ayrı-ayrı şəxslər barədə gizli məlumatlar ötürüb. İlk dəfə belə bir iddia ilə ötən ilin oktyabrında çıxış edən “WhatsApp” artıq bu məsələdə kifayət qədər dəlil-sübuta malik olduğunu deyir.
“NSO Group” bildirib ki, onlar ancaq terrorçular, cinayətkarlar haqqında məlumatlar toplayıblar. Ancaq “WhatsApp Messenger” bunu yalan olduğunu qeyd edir və məhkəmə savaşında qalib çıxacağına inanır.