Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli formatı (mərhələli həll-red.) ilə bağlı dediyi tezislərdə heç bir yenilik və sensasiya yox idi. Məhz bu variant üzərində illərdir ki, danışıqlar gedir.

Aenpress.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, qeyd edib ki, müzakirə predmetinin əsas mövzusu məhz mərhələli yolla torpaqların geri qaytarılması olub.

“Rusiya tərəfi dəfələrlə danışıqlar masasında bu sənədlərin olduğunu qeyd edib. Ancaq indiki dövrün problemi ondadır ki, hakimiyyətə gələn Nikol Paşinyan danışıqlar prosesinin bütün tarixini, o cümlədən mərhələli prosesin üzərindən xətt çəkib, guya öz baxışlarını təklif etdi. Paşinyan bunu etməklə sadəcə Bakını müharibəyə sürükləyir. Artıq hamıya məlum oldu ki, Baş nazir Paşinyanın rəhbərliyi altında danışıqlar prosesini uğurla inkişaf etdirmək mümkün olmayacaq. Bu da təəssüf ki, müharibənin başlama ehtimalını getdikcə artırır”, – rusiyalı ekspert qeyd edib.

Trofimçuk onu da vurğulayıb ki, hazırda Qarabağ münaqişəsinin bütün vacib problemləri arasında ən əsası Nikol Paşinyanın varlığıdır: “O, hadisələrin normal axarına nail olmağa imkan verməyən əsas dağıdıcı amildir. Ermənilərin gözü qarşısında Paşinyanın günahı budur ki, məhz onun ucbatından Rusiya-Azərbaycan münasibətləri həqiqətən də strateji xarakter aldı və Ermənistan-Rusiya münasibətləri getdikcə daha da pisləşdi. Gec-tez Paşinyan hər şeyə, o cümlədən Qarabağdakı ab-havaya görə cavab verməli olacaq. Əminəm ki, bunu onun özü də çox yaxşı başa düşür.

2016-cı ilin aprel döyüşləri zamanı Sərkisyan hakimiyyətdə idi və Moskva-İrəvan münasibətləri də indikindən qat-qat yaxşı idi. Buna görə də döyüşlər bu qədər tez dayandı. Ancaq Rusiyanın hazırkı durumda, artıq Paşinyanın rəhbərliyi altında olan Ermənistana qarşı oxşar vəziyyətdə necə davranacağını təxmin etmək olar…”