Bu günlərdə İranın Bakıdakı səfirliyi və xarici işlər nazirliyinin müavini Xankəndindəki benzin daşıyan İran yük maşınlarının onlara aid olmadığı barədə qıpqırmızı yalanı danışaraq bu tirlərin İrana aid olmadığını dedilər. İranın yük maşınlarının Qarabağda az qala hər dəqiqə gözə girdiyini ora gedib-gələn jurnalistlər də yazırdılar. Rus millətçisi, anti Azərbaycan ruhlu, bu yaxınlarda gəbərən Eduard Limonov da hələ 2017-ci ildə qanunsuz olaraq Qarabağa gələndə ilk gördüyünün İran yük maşınlarının olduğunu yazmışdı. İranın qriqoryan ermənilərə məhəbbətinin əsasında müsəlman Azərbaycana olan nifrəti dayanır. Azərbaycanın işğal altında olan dövlət sərhədinə nəzarət edə bilməməsini fürsət bilən İran, Qarabağ separatçılarını hər cür dəstəkləyir, onlara hər cür yardım göstərir. İran guya Astarayadək dəmiryol çəkmək üçün, indi də koronavirusa görə Azərbaycandan milyonlarla yardım alıb. Bu yardımları isə İran Arazın üstündə Cəbrayil rayonu ərazisində 5 ədəd müasir körpü tikərək ermənilərin gediş-gəlişinə, özlərinin də yük daşımalarına geniş imkanlar açıb.
Moderator.az bu günlərdə bu körpülərin peykdən görüntülərini yayıb.
Həmin görüntülər bu yazıda: https://www.moderator.az/news/321477.html
Gözləmək olardı ki, Azərbaycan XİN dərhal bu məsələyə münasibət bildirəcək. Hələ ki, heç nə yoxdu. Olsun. Bəs, Azərbaycan Müdafiə Nazirliyi bu körpülərin mövcudluğunu niyə sükutla qarşılayıb. Əgər indiyədək bu körpülərin tikilməsindən və istifadə olunmasından MN-in xəbəri yoxdursa, bu bir biabırçılıqdır, yox xəbəri olub bu günədək bütün vasitələrdən istifadə etməklə bu körpüləri dağıtmayıbsa 100 dəfə artıq biabırçılıqdır.
Son günlərin video-konfrans hadisəsi, 12 ildən sonra Məmmədyarovla Mnasakanyanın birgə bəyanat imzalaması, (bu birgə bəyanatı imzalamanın nə zərurəti vardı?) indi də bu körpülər açıq göstərir ki, Azərbaycanda  heç kəs Qarabağ məsələsi ilə doğru-dürüst məşğul olmur. Heç bir taktiki, strateji plan və buna uyğun hərəkət görsənmir. Körpüləri pilotsuz aparatlar vasitəsi ilə, diversiya-kəşfiyyat dəstəsinin köməyi ilə dağıtmağın mümkün olduğu məlum məsələdir. Amma, niyə bu tədbirlər görülmür?
İran da, Ermənistan da Azərbaycana olan düşmənçilik siyasətinə görə müttəfiqdirlər, birgə fəaliyyət göstərirlər və İranın burdakı “beşinci kalonu” hər fürsətdə Türkiyəni Azərbaycan vətəndaşlarının gözündən salmağa çalışır. Qardaş Türkiyə bizə görə Ermənistanla bütün sərhədləri bağlayıb, heç bir diplomatik əlaqəsi də yoxdur. İranın kiçik bir ərazidə bütün infrastrukturlara( gömrük, sərhəd məntəqəsi və sairə) malik və heç bir beynəlxalq qaydaları gözləmədən ermənilər üçün bizim ərazidə tikdiyi 5 körpüsü  müsəlman Azərbaycanına olan həqiqi münasibətinin təzahürüdür.
Bu məsələ ölkə ictimaiyyətini narahat edir və rəsmi Azərbaycanın münasibətini bilməkdə haqlıdır. Bu münasibət sadəcə diplomatik şəkildə olmamalı, bu körpülərin dağıdılması tələbi müvafiq güc strukturları qarşısında qoyulmalıdır. Bu, onların birbaşa məsuliyyət daşıdığı məsələdir.
İlham İsmayıl