“Ən gözəl kitablar belə çox vaxt Bakıdan kənara çıxa bilmir”
Sabir Rüstəmxanlı: “Nəşriyyatların sayı artdqıca, kitabxanaların sayı azalır ki, bu da ağlasığan bir şey deyil”

“Yazçılara qonarar verilməli, yeni əsərlərin kitabxana və rayonlara getməsi təmin edilməlidir”

23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”dür.

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az ilə söhbətində ölkəmizdə kitaba olan maraq, müəllif hüquqlarının təmini sahəsindəki vəziyyət və s. kimi məsələləri şərh edib:

Sabir bəy, bildiyiniz kimi, bu gün “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”dür. Kitab, onun istənilən xalq və toplum üçün önəmi nədən ibarətdir? Ən əsası, bu gün cəmiyyətdə kitaba olan maraq sizi qane edirmi?

-Kitab elə bir sərvətdir ki, hər şey keçib gedir, amma kitab qalır. Yəni kitab millətin var olmasının, xoşbəxt olmasının, dünya xalqları arasında öünəməxsus yer tutmasının əsas amillərindən, şərtlərindən biridir.

Bizim cəmiyyətdə kitaba maraq xeyli azalmışdır. Görünür bu, müəyyən şərtlərlə bağlı idi. Əlifba dəyişikliyi və s. kimi məsələlər ortaya çıxdı ki, ola bilsin, bunun da bu məsələyə təsiri oldu. Ailələrdə kitabın təbliği, uşaqlara kitab oxutdurmaq ənənəsi zəifdir. Halbuki, Azərbaycan vaxtıykən, SSRİ dönəmində ən çox oxuyan respublika və xalqlardan biri olub. Təəssüf ki, indi bu ənənə bir qədər zəifləyib.

Kitabla bağlı ənənəvi problemlərdən biri də onun tirajının azlığı ilə bağlıdır. Hansı ki, əksəriyyət bunu insnaların kitaba olan marağının azlığı, kitabların az satılması ilə izah edir. Sizcə doğrudanmı bu problemin kökündə kitab alışının azlığı amili dayanır?

-Kitablarımızın tirajı həqiqətən də çox azdır və adətən 500-1000 arasında dəyişir. Lakin bu məsələ ilə bağlı sadəcə oxuculardan nələrsə ummaq düzgün deyil. Bununla bağlı aydın dövlət siyasəti olmalıdır. O da bundan ibarətdir ki, kitabların bir hissəsini dövlət almalı, kitabxanalara göndərməlidir. 4 min kitabxana varsa, gərək ki, bu kitabxanaların hər birinə bir nüsxə də olsa yeni kitablardan getsin. Bu, tirajn yüksəldilməsi, yazıçının vəziyyətinin yaxşılaşması deməkdir. Dövlətin qayğısı olmadan kitab işini istənilən səviyyəyə qaldırmaq olmaz.

Ən gözəl kitablar belə çox vaxt Bakıdan kənara çıxa bilmir. Rayonlarda kitabxanaların sayı azalır. Kitab dükanları isə yoxdur. Sadəcə dəftərxanalar var. Ona görə də burada xalqdan incimək, xalqdan ummaq məncə, düzgün deyil. Insanlara kitab gedib çatmalıdır ki, o da bu kitabı oxusun. Təbii ki, istərdim ki, kitaba qayğı artsın.

-Sizcə nəşriyyatlarla bağlı vəziyyət nə dərəcədə qənaətbəxşdir?

-Kitabın nəşri məsələləri yaxşıdır. Mətbəələrimiz normaldır. Nəşriyyatların sayı artır. Lakin nəşriyyatların sayı artdqıca, kitabxanaların sayı azalır. Bu paradoks ağlasığan bir şey deyil. Bu məsələni də qaydasına qoymaq laızmdır. Əslində müəllif hüququ da elə budur. Sən kitab yazırsan, lakin bu kitab xalqa gedib çata bilmir. Bu da müəllif hüququnun pozulmasıdır.

Dünya ölkələri ilə kitabların tərcüməsi və nəşri sahəsində SSRİ dönəmindəki əlaqələri, qarşılıqlı nəşr işinə marağı bərpa etmək lazımdır. Hər hansı bir dövlət sənin kitabını çap edirsə, sən də onun kitabını çap etməlisən və bu, müqavilə ilə tənzimlənməlidir. Yazıçılarımızın kitablarını Mədəniyyət Nazirliyi, dövlət özü xarici ölkələrə tövsiyyə etməlidir. Onların tərcüməsi və nəşrinə yardım etməlidir. Vaxtiylə bunların hamısı olub. Təəssüf ki, bunlar unudulub.

Necə hesab edirsiniz, yazıçı yazdığı kitaba görə qonarar almalıdırmı? Bu sistemin yenidən bərpası nə dərəcədə faydalı olar?

-Yazıçıya qonarar verilməlidir. Bizdə qonarar sistemi yoxdur. Klassiklərimizin, yaxud yaşlı nəslin nümayəndələrinin kitabları böyük tirajlarala çap edilir. Ordan əldə edilən pullar hara gedir? Adətən bu vəsaitlərin hesabına gənclərin kitabları çap edilməlidir. Gənc yazıçılara müəyyən miqdarda qonarar verilməlidir. Zənnimcə, gec-tez dövlət bunu edəcək. Dövlətimiz məktəblilər üçün dərs vəsaitlərinin nəşri və onun pulsuz paylanmasını təmin edir. Inşallah yazıçılara da müəyyən prinsiplər  daxilində bəlli miqdarda qonarar verilməsi də təmin olunar. O zaman müəllif hüquqları da tam şəkildə qorunar.

Sabir bəy, bəs mahnıya çevrilən şeirlərimizlə bağlı vəziyyət nə yerdədir? Şairlərimiz notlara köçürülən bu şeirlərdən hansısa fayda əldə edə bilirmi və ya etməlidirmi?

-Şeirlərə mahnılar yazılır, hansı ki, mənim də bir çox şeirə mahnı yazılıb. Bu mahnılar 10 ildir, 20 ildir ki, oxunur, lakin insanlar bilmir ki, onun sözləri mənimdir. Çünki bunu nə müəllif deyir, nə onun buraxdığı albomun üstündə bu barədə nəsə yazılıb. Hətta radio və televiziyada səslənəndə də demirlər ki, bu mahnının sözləri kimindir. Məgər mahnı öz-özünə yaranır? Bu məsələdə də müəllif hüquqları ciddi şəkildə pozulur. Illər uzunu oxunan bu mahnıların gəlir gətirib-gətirmədiyi, gətirirsə, bu gəlirin hara getdiyin də məlum deyil.

Mən “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibəti ilə kitabla bağlı olan hər kəsi təbrik edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə müsbət dəyişikliklərə şahid olacağıq və qeyd etdiyimiz məsələlər öz müsbət həllini tapacaq.

 Müsahibəni Seymur ƏLİYEV aparıb: