Tanınmış yazıçı Əlabbas Moderator.az saytına müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.
– Allaha qələm-kağızla ibadət etdiyini deyən bir yazıçı üçün koronavirus bəlası nədir? 
– Əgər bu söhbətimiz martın 25-də baş tutsaydı, bəlkə də ən bədbin proqnoz müəllifi kimi tarixə düşərdim, mən. Bir tərəfdən təzəcə başlayan şiddətli boğaz ağrıları, bir tərəfdən televiziya və sosial şəbəkələrin  “preventiv hücumları”, dünyamızı ovuc boyda edən oxşar hadisələr, ölüm hallarının günü-gündən daim yüksələn xətlə gedən və dəqiqədəbir təzələnən statistikası və uzun illər müxtəlif xəstəliklərdən, xüsusən də nevrozdan əziyyət çəkən bir insanın heç nəyə yarımayan bərbad immun sistemi… O cür ajiotaj və informasiya axınından sonra koronavirus bəlasının labüd ölümdən özgə də adı olur yəni? O xof üç-dörd günün içində həcmi “Hərb və sülh”dən heç də geri qalmayan saysız-hesabsız yazı oxutdu mənə. Qanımın arasına girən də elə o yazılar oldu. Həm də  dinləyib, eşitdiyim xeyli səs yazısı. İndi gözlərim önündə yalnız Böyük Yalan adlı bir kabus var!
– Qələm adamları həmişə şikayətlənirlər ki, evdə oturub rahat əsərlərini yazmağa macal tapmırlar. İndi karantin dövrüdür. Yazmağa həvəsiniz  varmı?
– Qətiyyən. On beş-iyirmi gün əvvəlin sarsıntıları hələ də canımdadı. “Feysbuk”da kimsədən eşıdəndə ki, yazmaq üçün əllərinə yaxşıca girəvə düşüb, təəccüb qalıram. Ya mən yazmağın nə olduğunu bilmirəm, ya onlar yazmaq nəyə deyirlər, onu bilmirəm. Şəhər meriyasına ünvanlanmış ərizədənmi danışılır? MİS rəisinə yazılmış şikayətdənmi? Ya sevgi məktubu, bələdiyyə sədrinə müraciətdən söhbət gedir? Demişdim axı, yazı yazmaq mənimçün müqəddəs bir ayinin icrası qədər təntənəli mərasimdir. Bax belə yerdə deyiblər, yükü ağır olanın rəddi də dərin olar.
– İşi-gücü olan adam kimi evdə qalmağa öyrəşə bilirsinizmi?  
– Çox çətin. Gündə azı 5 kilometr məsafə qət etməyə öyrəşən adam üçün bunun nə demək olduğu məlum olsun gərək. Onun yerini “Əyilməz qadın”ı, “Son möhlət”i və Sulakaurinin hekayələrini təkrar oxumaqla doldurdum. Xeyli filmə baxdım. Yeni oxuduğum bircə Azad Yaşarın tərcüməsində Erik-Emmanuel Şmittin “Müsyö İbrahim və Quran çiçəkləri” əsəri oldu.
– Koronavirus pandemiyasına qurban gedənlərin sayı günü-gündən artır. Bu, Tanrının son möhlətidir, yoxsa yeni dünya yaranır? 
– Anamın maraqlı sözü vardı, gözlənilməz bir hadisə baş verəndə təəccübünü: “O səfərə bu sağlıq böyük şeydi” fikri ilə ifadə edərdi. Dünya tarixində heç vaxt həyatı bunca, yəni koronavirus pandemiyası qədər iflic edən ikinci bir olay xatırlanmır. Bütün bəşəriyyəti sanki qoz qabığına soxublar, dünyamız bir ovuc içindəymiş kimi çox miskin, aciz, cılız və bapbalaca görünür. Adıbəlli virus ətrafında karantin elan olunan ərəfədə elə bir ajiotaj yaranmışdı ki, bəlkə də tək-tük adam tapardın Qiyamətin gəldiyini düşünməsin. Çin, İran, İtaliya, ardınca isə İspaniya qəziyyələri şəxsən məndə ölənlərin sayının tezliklə milyonları ötəcəyi qənaəti yaratmışdı. Bura onlarca fikirdən yalnız birini – dünya əhalisinin yarıbayarı azaldılması barədə dolaşan ehtımalı da əlavə etsək, bu gün həyatını itirənlərin sayı adamın dilinə istər-istəməz “buna da şükür” ifadəsini gətirir. Hələ o da koronavirusdan ölənlərdisə! “Feysbuk”dakı həyəcanlı paylaşımlarım axır ki, on beş gün əvvəl “Hər şeyə təzə səhifədən başlamaq! Abzasdan, böyük hərflə!” fikri ilə tamamlandı və birdəfəlik inandım ki, oxuduqlarımın əksəriyyəti mənasız təfərrüat imiş. Halbuki “Olub-qalan beş-üç qara saçım da bu on gündə ağardı” fikri martın sonundakı ruhi-psixoloji halımı tam dəqiqliyi ilə ortaya qoymuşdu. Allah eləyə, hər şey bununla bitə, necə deyərlər, təki yoğunu yorğanda olmaya!
– Dünyanın hər yerində oxşar mənzərədir. Əzab çəkənlər, ölənlər və dua edib yalvaranlar. Yenə dar gündə hamı Allaha üz tutub…  
– Bu bəla bir həqiqəti də ortaya qoydu ki, insan ictimai varlıq olmazdan əvvəl bioloji varlıqdı, məqamı çatanda kimsə şahı ilə gədasına fərq qoya bilməz onun. Amma bu gün məxluq öz xaliqinə ona görə üz tutmayıb ki, O, adildi, bağışlayandı, günahı varsa, onu bağışlasın. Ona görə üz tutub ki, Allah bütün zamanlarda onun son istinadgah yeri olub. Halbuki bu gün çox az adam taparsan ki, bu dərdin Allahdan gələn bəla olduğuna inansın. İnsan yenə bu gümandadı ki, Allahdan böyük Məbud yoxdu, nə istəsə Ondan istəyə bilər.
– Deyirlər, hətta havada çirklənmə də azalıb. Baş verənləri ilahi nizamın apardığı kosmik təmizləmə prosesi adlandırmaq olarmı?
– Psixoz vəziyyətinə salınmış adam nəyə inanmır ki, buna da inanmasın? Amma buna daha çox fərziyyə kimi baxıram mən. Hadisələrin nə vaxt sona çatıb-çatmaması ilə bağlı günü bu gün də hansısa cəfəng ehtimallar səsləndirilirsə, məgər o demək deyil ki, bioloji silahdan tutmuş yaşlı insanların axırına çıxmaq qədər sərsəm, yaxud da dünyanın yenidən “format olunmasına” qədər az-çox ağlabatan postulatların hələ də gündəmdə olduğu bir zamanda bu, Allaha biət etməyənlərin hoqqasıdı?! Əks təqdirdə olmaya kimsəyə Allahın adından danışmaq səlahiyyəti də verilib? Qaldı sualın birinci hissəsinə, bu günlərdə maraqlı bir fikir də mənim rastıma çıxıb. Ekoloji təmizlənmə nəticəsində son otuz ildə Himalay dağları zirvəsinə qədər çox-çox uzaqlardan belə apaydın görünüb.
– “Qiyamçı” Əlabbas bu romanı kölgədə qoyacaq bir əsərlə oxucuların hüzuruna çıxacağını söyləmişdi. “Qaraqovaq çölləri” həmin əsəri idimi? 
– Yox, həmin əsər deyil. Mən bundan sonra, əgər ömür vəfa etsə, yalnız bir roman yazacağam. Bununçün Allahdan ömür yox, yalnız möhlət istəmişəm. Bir çox dərdim var ki, mən onlardan indi-indi xilas oluram.
– “Kaş elə belə bir şey olaydı, bu işə bütün aləm qarışaydı”… Müharibədən bəhs edən “Qaraqovaq çölləri” romanındandır bu iqtibas. Bir Azərbaycan yazıçısı kimi necə düşünürsünüz, belə vəziyyət müharibəyə başlamaq üçün əlverişli şərait yarada bilərmi?
– Oqtay, əziz qardaşım, gerçəyi bilmək istəyirsənsə, sənin kimi söz xiridarı ilə ürək söhbəti etməyi həmişə arzulamışam, həmişə ürəyimdən keçib o. Bəlkə də bilmədən, bəlkə də qəsdən sarı simimə toxundun. Dəqiq olanı odu ki, toxundun. Əgər məsləhətdirsə, sualına atüstü bir cavabla kifayətlənib, ədəbiyyat söhbətini eycahan bir vaxta saxlayaq. Bir qotur virus nəmənə şey oldu ki, ondan da ələk kimi istifadə edək. Başımıza işmi qəhətdi?
Sualına cavabım isə: bəli, Azərbaycan daha bir tarixi girəvəni əldən buraxdı!
 
– Bu bəla dünyanı yaxşılığa dəyişə biləcəkmi?
– Bədbinlik kimi çıxmasın, tərslikdən səsləndirilən müddəaların heç biri ümid vermir ki, deyəsən yaxşı nəsə olacaq. Dəqiqini Göydəki Kişi bilər.
Söhbətləşdi: Oqtay Qorçu