Supergüclər 75 il öncəki qələbəni bölüşə bilmir

Faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı Moskvada keçirilməsi nəzərdə tutulan paradın koronavirus səbəbi ilə təxirə salınması, II Dünya Müharibəsi ilə bağlı yeni iddiaların gündəmə gəlməsi ilə müşahidə edilməkdədir.

Moderator.az xəbər verir ki, Rusiya Hərbi-Tarixi Cəmiyyətinin elmi rəhbəri Mixail Myaqkov ABŞ-ın ünvanına yeni ittihamlar səsləndirib. Belə ki, M. Myaqkov II Dünya müharibəsində faşizm cəbhəsində qərarlaşan Yaponiyanı ABŞ-ın deyil, SSRİ-nin məğlub etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ tarixçilərinin iddia etdiyinin əksinə olaraq, Yaponiyanın müharibədən çıxmasına səbəb heç də Birləşmiş Ştatların yapon  şəhərlərinə atdığı atom bombaları olmayıb. Məhz sovet ordusunun Mancuriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Yaponiyanın məğlubiyyətinə, müharibədən çıxmaqla bağlı saziş imzalamasına səbəb olub.

Almaniya kimi Yaponiyanın da məğlub edilməsində həlledici rolun SSRİ-yə məxsus olduğunu bildirən tarixçi, bu səbəblə də ABŞ və onun Qərbdəki müttəfiqlərinin bu kimi məsələlərdə əsas söz sahibi olmadığını bildirb.

Məlumat üçün xatırladaq ki, ABŞ-ın 1945-cı ilin avqustunda Xirosima və Naqasaki şəhələrinə atdığı atom bombası on minlərlə insanın məhvinə səbəb olub, bəşər tarixində atom bombasının tətbiq edildiyi ilk və son müharibə kimi tarixdə qalıb. Sovet ordusu isə Mancuriya əməliyyatı nəticəsində Yaponiyanın şimal torpaqlarını zəbt edib.