Putin 2024-cü ildə getməlidir. Və elə bu gün, bu elan olunmalıdır. Əks halda Rusiya alışacaq! –
 Pandemiyanın yaratdığı vəziyyət Putinin istefa verməsi barədə müzakirələri xeyli artırıb və Rusiya lideri ətrafında çəmbər getdikcə daralır.
Moderator.az “Exo Moskvı” elektron nəşrinin yazarlarından olan siyasətçi Gennadi Qudkovun çox sərt və həyəcan təbili çalan, hər cümləsi bir çağırış olan məqaləsini təqdim edir.
“İki hadisə – koronavirus pandemiyası və OPEK-in Rusiyaya qarşı qısamüddətli qalibiyyətli ticarət müharibəsi Putinin dünya proseslərinin gedişatına təsir göstərən “böyük strateq” və siyasətçi kimi imicinin tamamilə ifşasına səbəb oldu. Gözlənilmədən milyonlarla Rusiya vətəndaşı birdən-birə gördü və başa düşdü ki, kritik vəziyyətdə  bu ölkənin “millətin lideri” deyilən heç kimi yoxdur, ölkəni və insanları çətin vəziyyətdə xilas etməyə qadir olan ağıllı, güclü və müdrik rəhbəri yoxdur. Bu acı, amma zəruri nəticəyə  bu gün o rusiyalılar  gəlməlidir  ki, bu yaxınlaradək  enerji “superdövləti”, lazım gəlsə planetin yarısını  “radioaktiv külə” çevirməyə qadir olan Rusiya ilə barışmışdılar və ya gizli şəkildə qürur duyurdular. Ancaq bütün bu “böyüklük” mif  imiş və dərhal yox oldu, səhər dumanı kimi!
İndi artıq vacib deyil, neft böhranını kim və necə törədib. Başqa bir şey vacibdir: bir ay ərzində (!) “üçüncü dünya” ölkələrinin bir qrupu, Rusiya rəhbərliyini alçaldıcı vəziyyətə salıb, demək olar ki, diz üstə qoyaraq, superdövlətin iqtisadiyyatını heç bir müharibə və lokal silahlı qarşıdurmalar olmadan tamamilə darmadağın edəcəyi ilə hədələdi. Bir vaxtlar özünü dünyanın demək olar ki, birinci “bərkgedənoğlanı” hesab edən Rusiya Federasiyasının Prezidenti,  “qara qızıl” hasil edən şirkətlərin artıq ikinci “Brest sülhü” adlandırdıqları neftlə əlaqədar sazişi bağlamaq üçün prezident Tramp və ərəb şahzadələrini yan-yövrəsinə fırlanmaqla  özünü rəzil  vəziyyətə salmağa məcbur oldu. Diqqət edin: OPEK +la  asılı bir sazişin imzalanması ilə eyni zamanda  Putinin Venesuelada (Rosneft və başqaları tələsik oradan qaçdı) və Suriyada geosiyasi lovğalıqları başa çatmış oldu. Məhz orada Rusiya rəhbərliyinin ABŞ və Səudiyyə Ərəbistanı ilə ciddi ziddiyyətləri var idi. Neft bazarları və qiymətləri üçün “Putinlə mübarizə”də ABŞ-ın ümumiyyətlə bir barmağını belə tərpətmədiyini anlamaq çox kədərlidir; əksinə, Tramp, anlaşılmaz bir səbəblə hətta Putinin bir ara əlinə oynadı, baxmayaraq ki, ucuz neftdən ən çox faydalanan məhz ABŞ və müttəfiqləri oldu (AB, İngiltərə, Yaponiya, Cənubi Koreya və s.). OPEK ölkələri ( əslində səudiyyəlilərin bir neçə müttəfiqi) Putinin dünyadakı gerçək yerini açıq şəkildə göstərdi. Dərhal aydın oldu ki, “Putinin nailiyyətləri” dünya bazarlarında yalnız xoşbəxt təsadüflərlə bağlı olub.
Və hər şey bitdi! Onun 20 ildən çox  müddətdə idarə etdiyi Rusiya Federasiyasında və iqtisadiyyatında CİDDİ NƏSƏ yaradılmadı! Buna görə də Putin tərəfindən “ yanacaqdolduran ölkəyə” çevrilmiş  Rusiya bir ay ərzində şahzadələrlə apardığı iqtisadi müharibədə kapitulyasiya edildi!  Bu, ilk acı nəticədir: Putinin iki on illik prezidentliyi  dövründə hansısa “ayaqüstə qalxma”, Rusiyanın  “fövqəldövlət” potensialının qayıtması baş vermədi. Rusiya birdəfəlik olaraq tərəqqidən geridə qalan,  ağır nəticələrilə dünyanın xammal əlavəsinə çevrildi.
Pandemiya peyda olandan sonra  Rusiyada hər şey daha da pis oldu. O, konserv bıçağı kimi Putinin siyasi rejiminin bütün qüsurlarını, onun yaratdığı “hakimiyyət  şaqulliyini”,  daha doğrusu, başda ən böyük bürokrat Vladimir Putin olmaqla,  nomenklatura bürokratiyası tərəfindən ölkənin korrupsiyalaşmış  idarəetməsini ortaya qoydu. Hər hansı bir səbəbdən və ya səbəb olmadan ölkə rəhbərliyinin patoloji yalanları, dəqiq addımlar əvəzinə yarımçıq tədbirləri, verilən qərarlara görə fərdi məsuliyyət qorxusu, dövlət aparatının ikrahdoğuran keyfiyyəti və səfərbərlik ssenarisinə yararlı olmaması,  bitib-tükənməz korrupsiya və hətta millətin həyatı və sağlamlığı üçün kritik bir dönəmdə belə kommersiya proteksionizmi – bax,  “özünü təcrid etmə”, əslində isə “yaşam savaşı” dövründə rusiyalıların gördüyü bunlar oldu.  Ən əsası – insanlar “bərkgedən prezident”  əvəzinə, insanlar  birdən qarşılarında çaşqın, qətiyyətsiz, ölkəni xilas etmək üçün təsirli plan qəbul etmək bacarığı olmayan, milləti “21-ci əsrin bəlası” ilə mübarizəyə ruhlandıra bilməyən zəif adam gördülər.
Rusiyalılar  anlamaqdan əvvəl hiss etdilər ki, Putin ümumi sözlərlə, boş vədlərlə və təsirsiz tədbirlərlə   həlledici  zamanda onları tulladı. Prezident “bunkerə girib xalqdan təcrid olundu” (bu, bütün sosial şəbəkələrdə yayılan bir ifadədir), böhranları aradan qaldırmaq üçün yığılan ölkənin qızıl-valyuta kapsulunu sinəsinə sıxdı. Prezident insanları və iqtisadiyyatı xilas etmək üçün qərargaha rəhbərlik etmədi. Epidemiya ilə mübarizədə şəxsi məsuliyyətini bütünlüklə təyin etdiyi bölgə rəhbərlərinin üstünə yıxdı, amma bunu edəndə onlara müvafiq maliyyə dəstəyi verməyi “unutdu”! Hətta, onun millətə etdiyi müraciətləri qeyri-sağlam konspirologiya ilə gözə girdi (məsələn, çıxış zamanı insanlar onun nitqindən çox “prezident saatına” diqqət yetirirdilər!), müraciətlərin məzmunu isə siyasətçilərin, iqtisadçıların, maliyyəçilərin və işgüzar dairələrin nümayəndələrinin kəskin tənqid predmeti idi. Bütün sosial şəbəkələr Rusiya Federasiyası Prezidentinin ünvanına səslənən milyonlarla karikaturalarla, populyar ifadələrlə, qəddar zarafatlarla, sərt və çox xoşagəlməz ifadələrlə doludur.
Deməyə risq edirəm: Putin bu qısa müddətdə milyonlarla tərəfdarı üçün “müqəddəsliyini”( sakrallığını) itirdi.  Hər kəs birdən-birə Rusiyanın siyasi Olimpində – lider deyil, “qartal” deyil, ölkəni və xalqı pis duyan və dərk edən adi, gənc olmayan adamı gördü və ya intuitiv şəkildə hiss etdi.
 Quruculuq işləri görmək və inkişaf etdirmək əvəzinə Rusiyanı uzun illər “neft bəxti” dalğasına yəhərləyib,  öz hakimiyyətini  möhkəmləndirmək üçün əsrlər boyu xalqımızın ənənəvi zehniyyəti olan- başçını kor-koranə təqib etmək mentalitetindən istifadə edən Putinlə.., bu gec-tez baş verməliydi. Ancaq, bəxti gətirmək və şanslar bitdi. Yəqin ki, həmişəlik. Koronavirus uzaqlaşacaq, amma dünya bir daha heç vaxt əvvəlki olmayacaq. Bir daha əvvəlki Putin də olmayacaq – bax, bunu insanlar dərk etməlidirlər. Həm “aşağıda”, həm də “yuxarıda”. Ona görə də, 2036-cı ilə qədər uğurlu Putin hakimiyyətinə ciddi yanaşmaq təkcə axmaqlıq deyil, həm də çox təhlükəlidir. Həm ölkə, həm xalq, həm də bütün Kreml göylərində yaşayanlar  və əlaltıları üçün də. Sadəcə ona görə ki, Rusiyada alovlanma daha tez olacaq! Əgər Kreml çar sarayında az da olsa hələ sağlam düşüncə və siyasi adekvatlıq qalıbsa , hakimiyyətin hələ də mümkün olan dinc və sivil şəkildə dəyişdirilməsi ssenarisini hazırlamağın vaxtı çoxdan çatıb. Putin 2024-cü ildə gedə bilər və getməlidir.  Və elə bu gün, bu elan olunmalıdır! Bundan əvvəl, rusiyalıların real siyasi üstünlüklərinə cavab verən yeni bir Parlamenti (Dövlət Dumasını) düzgün seçmək lazımdır, birlikdə koalisiya hökuməti qurmaq və 2024-cü ildə Rusiya Federasiyasının YENİ PREZİDENTİNİN demokratik və rəqabətli seçkilərini təmin etmək lazımdır. Bu, yaranmış vəziyyətdən bizim yeganə sülhlə çıxış yolumuzdur. Qalan hər şey qaçılmaz olaraq ölkəni fəlakətə aparacaqdır. Hakimiyyət dəyişikliyi Rusiyanın, onun xalqının və hakimiyyətdən yapışanların xeyiri naminədir. Və bunu elə günü bu gün etmək lazımdır, neçə ki, fırtına başlamayıb!
Tərcümə etdi:  İlham İsmayıl