“Böyük İyirmilik” ölkələri kasıb ölkələrin onlara olan borcları üzrə ödəmələri dondurmağı planlaşdırırlar. Financial Times-ın G20-dəki yüksək vəzifəli mənbəsinə istinadən yazdığına görə, bu, qeyd olunan ölkələrin koronavirus pandemiyasının təsirlərinə qarşı fəaliyyətləri nəzərdə tutan planında əksini tapıb. Məqsəd beynəlxalq borc böhranının yaranmasının qarşısını almaqdır.
Qəzet bildirir ki, borclar üzrə ödənişlərin dondurulması təşəbbüsü G20 ölkələri tərəfindən yüksək səviyyədə dəstək qazanıb. Planın G20-nin maliyyə nazirlərinin aprelin 15-də keçirilməsi nəzərdə tutulan görüşündə təsdiqlənəcəyi bildirilir.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının tövsiyələrinə uyğun olaraq borclar üzrə ödənişlərin 6-9 ay, hətta 2021-ci ilin sonunadək dondurulması variantları müzakirə olunur. Varlı ölkələr və beynəlxalq maliyyə qurumları hər bir ölkənin vəziyyətini dəqiq qiymətləndirmək üçün xüsusi kriteriyalar hazırlayacaqlar.
“Bu, borcun silinməsi olacaq, yoxsa sadəcə, ödənişə möhlət?” Qəzetin sualını cavablandıran mənbə borcların silinməsinin uzun müddət tələb edən prosedur olduğunu deyib: “Hazırda qısa müddətdə atılması gərəkən addım borclar üzrə ödənişlərin dayandırılması ola bilər. Bu, kasıb ölkələrə imkan verər ki, vəsaitlərini daxildəki ehtiyaclarına yönəldə bilsinlər”.
G20-dəki başqa bir mənbənin Financial Times-ə bildirdiyinə görə, təklifin reallaşması ilə bağlı xırda işlər qalıb, proses artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, ötən ay BVF və DB 76 ölkənin borc yükünün azaldılmasına çağırmışdılar. Bunlar Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına(BİA, dünyanın ən kasıb ölkələrinə əvəzsiz borc və qrantlar ayırır) daxil olan qrup çərçivəsində yardım almaq hüququna malik ölkələrdir. Lakin BİA-nın kriteriyalarına uyğun gəlməyən xeyli sayda ölkə də ciddi borc öhdəlikləri üzündən daxildəki səhiyyə və sosial xidmətlərə yetərincə vəsait ayıra bilmir.
İkitərəfli müqavilələr çərçivəsində borc götürmüş ölkələr bu il 40 milyard dollar borc qaytarmalıdılar. Bunun 18 milyard dolları dövlətlərarası müqavilələr əsasında götürülmüş borclara görə ödənişlərdir. Bundan əlavə, Beynəlxalq Maliyyə İnstitutunun hesablamalarına görə, dünyanın ən yoxsul ölkələrinin bu il ödəniləcək 130 milyard dollarlıq daxili borcları da var.