Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkənin aparıcı alimləri ilə videokonfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti ölkədə koronavirusun yayılmasının pik nöqtəsinə hələ çatılmadığını, pandemiya ilə mübarizədə digər ölkələrin səhvlərinin təkrar olunmamasının, tibbi və elmi cəmiyyətin rəyinə əsaslanaraq nəticələr çıxarmağın vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, Rusiyada koronavirus epidemiyasının yayılması ilə bağlı yaranmış vəziyyət mürəkkəb olsa da, ümidsiz deyil. Savadlı, mütəşəkkil və intizamlı hərəkət edərək bu mürəkkəb mərhələni az itki verməklə keçmək mümkündür.

Vladimir Putin mütəxəssislərdən koronavirusa qarşı peyvənd və dərmanların hazırlanmasına dair hesabat gözlədiyini söyləyib.

Rusiyanın “Mikrob” Virusla Mübarizə Elmi-Tədqiqat İnstitutunun direktoru Vladimir Kutıryov görüşdə deyib ki, ölkədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlər öz nəticəsini təxminən bir həftədən sonra verməyə başlayacaq. Xəstəliyə yoluxanların sayının artmasına baxmayaraq, inkubasiya dövrünü nəzərə almaqla həyata keçirilən məhdudiyyət tədbirlərinin nəticələri artıq bir həftədən sonra müşahidə olunacaq. Alim ünsiyyətin məhdudlaşdırılmasını epidemiyanın yayılmasının qarşını alan vacib amil kimi dəyərləndirib. V.Kutıryov Prezident V.Putinin Rusiyada “qeyri-iş günlərinin müddətini azaltmaq olarmı?” sualına da bir həftədən sonra cavab verməyin mümkün olacağını deyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva