Tramp deyib ki, başım açılsın, Dünya Səhiyyə Təşkilatı ilə məşğul olacağam…
Bu təşkilat tarix kitablarına düşəcək koronavirus pandemiyası zamanı nəinki dünyaya doğru mesajlar verə bilmədi, üstəlik, insanlığa qarşı cinayət kimi qiymətləndirilə biləcək fəaliyyətə imza atdı.
Məsələn, koronavirus 2019-cu il noyabrın axırlarından yayılmağa başlasa da, WHO dünyanı vaxtında xəbərdar etmədi, 2020-ci il yanvarın 14-də rəsmi açıqlama yaydı ki, bəli, virus var, amma insandan insana keçmir, narahat olmağa dəyməz. Yanvarın sonlarında WHO nümayəndə heyəti Çinə səfər etdi və səfərin yekunları ilə bağlı yanvarın 30-da verdikləri bəyanatda bildirdilər ki, Pekin bu problemin öhdəsindən əla gəlir, qətiyyən sərhədləri bağlamaq, səyahətləri dayandırmaq olmaz, yalnız səhiyyəsi zəif olan ölkələr ehtiyatlı olmalıdır. (Bu barədə həmin gün yazmışdım, səhifəmdə var.)
Adicə maska məsələsində təşkilat ziddiyyətli açıqlamalar verdi: əvvəlcə dedilər ki, maska virusun qarşısını almır, sonra dedilər ki, yox, maska taxmaq lazımdır.
BMT-nin Dünya Səhiyyə Təşkilatına 2017-ci ilin mayından Tedros Adhanom Gebreyesus adlı efiopiyalı sədrlik edir. O, bu vəzifəyə Afrika ölkələrinin və Çinin dəstəyi ilə seçilib. Efiopiyada Çinin böyük yatırımları var, bu ölkə faktiki Pekinin nəzarətindədir. Gebreyesus biologiya ixtisası üzrə təhsil alsa da, həkim deyil və heç vaxt tibb sahəsində çalışmayıb. Efiopiyanın səhiyyə naziri olduğu vaxt onun ölkədə baş verən 3 vəba epidemiyasını gizlətdiyi barədə iddialar var.
WHO sədri seçildikdən sonra T.A.Gebreyesusun ilk qərarlarından biri Zimbabve diktatoru, 93 yaşlı Robert Muqabeni təşkilatın Afrika üzrə sülhməramlı səfiri təyin etməsi oldu. Lakin dünyadan gələn sərt etirazlardan sonra o, qərarını ləğv etmək zorunda qaldı.
Gebreyesus “Gəlin, sübut edək ki, qeyri-mümkün olan mümkündür” devizi ilə Dünya Səhiyyə Təşkilatına sədr seçilib. Bu gün Tedros kişinin nə qədər uzaqgörən olduğu ortadadır: qeyri-mümkün sanılan şey doğrudan da mümkün oldu – bir virus bütün dünyanı alt-üst etdi…
 
Şahin Cəfərli, politoloq