“Mən bu bəyanatı Ermənistana qarşı sərt mövqe kimi qiymətləndirirəm. Bəyanatın hədəfi Ermənistandır”.

Moderator.az xəbər verir ki, bu sözləri Ermənistanın “lragir.am” saytına verdiyi müsahibədə keçmiş deputat və siyasi məhbus hesab edilən Azat Arşakyan deyib.

Eyni zamanda Ermənistan Xristian Demokrat Partiyasının sədri olan Arşakyan KTMT-nin rəhbəri Stanislav Zasın dövlət sərhədində atəşkəsin pozulması ilə bağlı bir neçə gün əvvəl verdiyi açıqlamanı qiymətləndirərkən bildirib ki, bu bəyanat əslində Ermənistana qarşı yönəlib:

“Hədəf Ermənistandır. Çünki KTMT-nin üzvü olan heç bir ölkə ərazi bütövlüyünün pozulması və öz müqəddəratını təyinetmə hüququnu tanımır”.

Erməni siyasətçi hesab edir ki, Azərbaycanın da mövqeyi belə olduğuna görə, S. Zasın sözügedən bəyanatı anti-erməni mövqeyidir və KTMT üzvü olan ölkələrin əslində, Azərbaycanın müttəfiqləri olduğunu göstərir.

A.Arşakyan Avrasiya İqtisadi Birliyinin də onlara kömək olmadığını, əksinə Ermənistanın bu qurumlarda “girov saxlandıldığını” bildirib:

“Biz AİB-də girovuq. Bu qurum bizə kömək etmir, sadəcə Qərbə təzyiq etmək üçün bizdən istifadə edirlər… Onlardan Ermənistana kömək gözləmirəm və müttəfiq hesab etmirəm”.

Taleh