Aprel döyüşlərindən, aprel zəfərindən 4 il keçir.
2016-cı ilin bu günlərində, 2-5 aprel tarixlərində Azərbaycan Ordusu özünün zəfər tarixini yazdı, qızıl hərflərlə yaddaşlara həkk etdirdi. İşğalçı və təcavüzkar Ermənistanın növbəti dəfə-xaincəsinə atəşkəs rejimini pozaraq, cəbhə-təmas xəttində gərginlik, qanlı qarşıdurma yaratması onlara çox baha başa gəldi. Cinayətkar Sarkisyan-xunta rejiminin növbəti işğalçılıq cəhdi onların öz başında çatladı.
Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 4 gün ərzində Ermənistanın hərbi birləşmələrini, qondarma və oyuncaq, separatçı “DQR” rejiminin quldur dəstələrini darmadağın etdi, onlara sarsıdıcı və ölümcül zərbə vurdu. Azərbaycan Ordusu hərb tarixində, hərb səlnaməsində növbəti dəfə böyük zəfərə imza atdı, Azərbaycan insanının döyüş-qələbə əzmini, ruhunu bir daha canlandırdı, göylərə qaldırdı.
Azərbaycan xalqı, Azərbaycan insanı bir daha öz dövlətinə, öz Ordusuna və öz Ali Baş Komandanına güvəndi, etibar etdi, onunla qürurlandı, iftixar duydu. Aprel döyüşləri, Aprel zəfəri bizim milli qürür, milli ixtixar mənbəyimizə çevrildi və bu gün də belədir, hər zaman da belə olacaq.
Dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi.
Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı. Budur güc, budur əzm və əzəmət, budur qələbə və zəfər!
Aprel döyüşləri göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə istənilən bir anın içində səfərbər olunmağa və zəfər yazmağa qadir və hazırdır. Bir əmr yetər və bəs edər ki, Azərbaycan Ordusu öz gücünü, qüdrətini, döyüş qabiliyyətini göstərsin və necə ki, göstərdi. Aprel döyüşləri həm də onu göstərdi ki, Ermənistan ordusu barədə illərlə yaradılmış təsəvvürlər mifdən, əsatirdən başqa bir şey deyil, onun heç bir gücü, döyüş qabiliyyəti yoxdur.
Aprel döyüşləri eyni zamanda, bütün dünyaya, beynəlxalq ictimaiyyətə və birliyə onu göstərdi, onu nümayiş etdirdi ki, Azərbyacan dövləti və Azərbaycan Ordusu nələrə qadirdir, o, heç zaman işğalla barışmayıb, barışmayır və barışmayacaq. Hər zaman sülh tərəfdarı olsa da, ədalətsiz münaqişənin danışıqlar, diplomatiya yolu ilə ədalətli həllinə üstünlük versə də, bunun üçün əlindən gələni əsirgəməsə də, ancaq lazım gəldiyi məqamda və anda hərb-müharibə variantına da hazırdır və onu da qalibiyyətlə başa çatdırmaq əzmində, qüdrətindədir.
Onun qarşısında heç bir güc dayana, heç bir əngəl ola bilməz. Qarabağın və ona bitişik işğal altındakı ərazilərin qanuni sahibi Azərbaycandır və kimsənin də bu toprpaqlara sahiblənməsinə imkan verə bilməz, imkan verməyəcək.  Bu, aprel döyüşlərinin, aprel zəfərinin ən böyük, ən ciddi mesajlarından oldu.
Odur ki, aylar, illər ötəcək, on illər, yüz illər keçəcək, ancaq aprel döyüşləri, aprel zəfəri yaddaşlardan, tarixdən, hərb səlnaməsindən silinməyəcək. Bu döyüşlərdə həlak olan igidlərimiz, övladlarımız, şəhidlərimiz daim anılacaq, daim xatirlanacaq, xatirələri daim əziz tutulacaq. Yəni, necə ki, Azərbaycan xalqı və dövləti olacaq, yaşayacaq,  şəhidlərimiz, o cümlədən,  aprel şəhidlərimiz də bizimlə, ruhən bizlərlə bir olacaq, birgə yaşayacaqlar. Onlar bizim baş tacımızdır!
Bu gün Lələ Təpədə Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağı qürurla dalğalanır. Bu, hər birimizi sevindirir, qürürlandır. Gün o gün olsun ki, üçrəngli bayrağımız bütün işğal olunmuş ərazilərimizdə-ən yüksək zirvələrdə dalğalansın. O gün də gələcək, o gün də uzaqda deyil!
Eldar İbrahimov,
Milli Məclisin İntizam komissiyasının sədri, professor
 
Etikxeber.az