“Çıxış yolu Qars, Ərdəhan, Naxçıvan və Sürməli-Ararat bölgələrinin qanuni sahiblərinə geri qaytarılmasındadır…”
“Putin SSRİ-nin dağılmasına görə qisas alır, Ərdoğan isə Osmanlı sərhədlərini bərpa etməyə çalışır…”

Moskvada Türkiyə və Rusiya liderlərinin kritik görüşünün gözlənildiyi bir vaxtda Ermənistanın bəzi dairələri hər iki ölkəni Suriyada “hərbi cinayətlər törətməklə” yanaşı, XX əsrin əvvəlində “ermənilərə qarşı soyqırımı”nda da ittiham edən fikirlər yaymağa çalışır.
Moderator.az xəbər verir ki, bu mövzuda yazılardan biri erməni dilində “Lragir” nəşrində dərc olunub.
Nəşr “Reuters” agentliyinə istinadla BMT-nin Rusiya və Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar barədə hesabat hazırladığını bildirir. Yazıda BMT təhqiqatçılarının  hər iki ölkənin “Suriyadakı hərəkətlərinin müharibə cinayəti olaraq təsnif edilə biləcəyi”ni bəyan etdiyi vurğulanır.
“Putin və Ərdoğan  Moskvada bir araya gəlmək üçün görüşəcəklər. Halbuki, Rusiya və Türkiyə ekspertləri vəziyyətdən çıxış yolunun olmadığını və bunun ilk növbədə tarixi və siyasi düyünlər və hər iki prezidentin  ambisiyaları ilə əlaqəli olduğunu söyləyirlər. Putin üçün bu, SSRİ-nin dağılmasına görə geosiyasi qisas, Ərdoğanın timsalında isə Osmanlı sərhədlərinin bərpasıdır…” –deyə erməni nəşri yazır.
Məqalədə daha sonra deyilir:
“Bu fonda isə BMT Rusiya və Türkiyənin müharibə cinayətləri ilə bağlı hesabat hazırlayır. Bu, siyasi çəkindirmə siyasətinin məntiqinə tam uyğundur və şübhəsiz ki, “davam edən müharibə cinayətləri” ndə məhkum edilən hər iki ölkə liderinə ciddi zərbədir…”
“100 il əvvəl Rusiya və Türkiyə erməni ərazilərini bölməklə ermənilərin soyqırımı və məhrumiyyətlərə düçar olmasını təşkil etmiş və bunları həyata keçirmişdir. Bu, mövcud vəziyyətlə birbaşa əlaqəli və mövcud olmağa davam edəcək bir haldır. Bu vəziyyətdən çıxış yolu isə 100 il öncə ermənilərə qarşı törətdikləri cinayətlərin, xüsusən də 1921-ci ilin hesabının verilməsindədir. Yəni  Qars müqaviləsini ləğv edərək Qars, Ərdəhan, Naxçıvan və Sürməli-Ararat bölgələrinin qanuni sahiblərinə geri qaytarılmasındadır” – deyə həyasız iddialarla dolu materialın sonunda deyilir.
P.S. Politoloqlar, yəqin ki, ermənilərin bu növbəti “analoqsuz” gedişinin məqsədini açıqlayarlar…
Sultan Laçın