Dilimiz və dilçilər…
20 ildən çoxdur ki, bir fikri dönə-dönə vurğulayıram: Dil sadəcə dilçilərə mənsub deyil və sadəcə dilçiliyin predmeti deyil.
Dil bütün xalqa mənsubdur. Dilin varlığı da, özəllikləri də, inkişaf etdirilməsi və yad təsirlərdən qorunması da bütün xalqın vicdan və şəfrəf işidir. Amma…
– Bunu kim bilmir ki?!
– Bəlkə də çoxları bilir, amma bilməli olanlar bilmir.
– Bilməli olanlar da kimdir?
– Azərbaycan dilinin İzahlı lüğətini yazanlar. Bu iş sadəcə dilçilərə həvalə edilir, onlar isə terminləri bilmədikləri üçün, verdikləri izahlar da çox vaxt yanlış olur. Halbuki bu işə bütün elm və fəaliyyət sahələrinin nümayəndələri cəlb edilməli, mötəbər komissiyalar yaradılmalı, müzakirələr keçirilməlidir…
– Dövlət Dil Komissiyası yaradılıb.
– Doğru… Amma bura da ancaq dilçilər daxil edilib, sanki dil yalnız qrammatikadan ibarət imiş. Halbuki Dil – sosial institut olmaqla sosioloqların, bir mədəniyyət hadisəsi olaraq – kulturoloqların, düşüncə ilə sıx surətdə bağlı olmaqla – filosofların, terminləri də əhatə etdiyi üçün elm adamlarının da nəzər dairəsindədr. Dilə aid olan, amma dilçilərin heç təsəvvürü də olmadığı məsələlər var…
– Terminoloji komitə yaradılıb…
– Amma bu Komitə də sadəcə dilçiliyin bir sahəsi kimi fəaliyyət göstərir. Təsəvvür edirsinizmi, kimya, fizika, fəlsəfə terminləri üzrə dissertasiya işləri yazılır – elmi rəhbərləri dilçidir.
– Bizdə “Türkologiya” jurnalı da çıxır…
– “Türkologiya” – türkçülük deməkdir; amma gəlin, bir keçən əsrin əvvəllərində “türkçülük” anlayışına və bu ideoloji axının bayraqdarlarına baxaq – İsmayıl Qaspiralını, Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu… (hamısını sadalamaq istəmirəm) xatırlayaq, onların nədən yazdığına diqqət yetirək və bir də indi “türkçülərimizin” hansı çərçivə ilə məhdudlaşdığana fikir verək. Bu jurnal da dilçilik orqanına çevrilməyibmi? Sanki bütün problemlərimiz dilçilik hüdudunda imiş…
– Amma bütün bu hallara görə dilçilər günahkar deyil ki! Onlara həvalə edilir, onlar da…
– Biz də üzümüzü dilçilərə tutub danışmırıq, sözümüz Akademiyanın və digər əlaqədar qurumların rəhbərlərinədir.
Səlahəddin Xəlil, 
fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü