“Dünyanın ən yaxşı müəlliminin ən yaxşı dərsindən qaçmayaq…”
“Bir insan o zaman bədbəxt olar ki, maddiyyatdan asılı olar. Nəfsi maddiyyata diqqət edər…”

Əgər Allahın fəzl və rəhməti olmasaydı, heç kəs nəfsini islah edə bilməzdi. Heç kəs insan ola bilməzdi. Allah Təala – əxlaq müəllimidir, ancaq biz gərək nadan şagird olmayaq. Müəllimdən qaçmayaq. Quran buyurur ki, ixtiyar sənin əlindədir. Əgər Mənim nəzərim altında olsan – adam olarsan, əgər İblisin (lən) nəzəri altında olarsansa – səni vəhşi edər.
Hər bir əxlaq kitabını oxumağa başlayan zaman ilk sözləri bu olur: rəzil sifətləri aradan aparmaq və fəzilətli sifətlərə yiyələnmək – vaciblərin vacibidir. Bu əməl namazdan, xümsdən da vacibdir. Peyğəmbərin (s) buyurduğu kimi, nəfslə cihad etməkdir. Döyüşçülər döyüşdən qayıdan zaman Peyğəmbər (s) onlara buyurmuşdu: “Xoş olsun sizin halınıza ki, getdiniz və qalib qayıtdınız. Ancaq böyük cihad qabaqdadır”. Soruşurlar ki, hansı cihaddır, buyurur: “Nəfslə cihaddır”. (Tebyan)
İnsan bu əmmarə nəfsi ləvamə nəfsinə çevirə bilər. İnsan cismini ruhunun kontrolu altında sala bilər. O zaman bu insan bir peyğəmbərə (ə) bənzəyəcəkdir. Quranın buyurduğu kimi, kamil insan olacaqdır. Həmişə namaz qılar, oruc tutar, vacibatlarını yerinə yetirər. Müstəhəblərə meyil edər.
Əgər əxlaqımızda fəsad vardırsa, bütün bədbəxtliklərimiz ondan başlayar. Əgər iqtisadiyyatımız zəifdirsə, ona görədir ki, rəzil sifətlərə qalib gələ bilməmişik və onların sayı çoxdur. Yəni, az adam özünü tərbiyə ilə məşğul olur. Halbuki, bu əməl – Quranın da buyurduğu kimi – vaciblərin vacibidir.
Rəhmətlik İmam (r.ə) buyurur: “Siz gərək öncə özünüzü düzəldəsiniz, sonra milləti düzəldəsiniz. Peyğəmbərlərin (ə) hamısı tərbiyə etmək üçün gəliblər. Bir insan o zaman bədbəxt olar ki, maddiyyatdan asılı olar. Nəfsi maddiyyata diqqət edər. İnsanı insanlıq karvanından saxlayar. Maddiyyatdan çıxmaq və Allaha diqqət etmək – insanı insanlıq məqamına çatdırar. Peyğəmbərlər (ə) də bu ikisi üçün gəliblər: insanları maddiyyatdan çıxartmaq və rübubiyyət məqamına çatdırmaq”.
Ayətullah Dəstğeyb nəfsin tərbiyəsi ilə bağlı buyurur: “Nəfsi islah etmək, yəni onu azad etməkdir, nəfsi istəklərdən xilas etməkdir. Allah “Şəms” surəsində dörd dəfə and içir və sonra buyurur ki, hər kim nəfsini tərbiyə edər, xilas olanlardan və səadət əhlindən olar. Dünya və axirətdə təyyibə həyat onun üçündür. Vay o kəsə ki, nəfsini boş buraxar. O yerə çatar ki, artıq onu ram edə bilməz”.
“Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 7-9).
 /Deyerler.org/
Posted in: Din