Azərbaycan tarixində  unudulmaz faciəvi hadisələr çoxdur: 31 Mart soyqırımı, 26 fevral Xocalı qətliamı, 20 Yanvar faciəsi.. Bu təqvimə bir gün də əlavə edildi- 9 fevral seçki rəzaləti günü! Hətta sovet rejiminin mövcud olduğu 70 illik bir dövrdə də belə rəzalətli  seçki  olmamışdı.Seçki prosesində keçirilən görüçlərdə xalqın qovduğu insanları da əvvəlçədən tərtib olunmuş “seçilənlər” siyahısında görəndə düşündüm ki, Azərbaycanda mənəvi-hüquqi bir qətliam baş verib.Seçki günündən bir- neçə müddət əvvəl ölkə başçısına yazdığım və beş mindən çox insanın oxuduğu açıq məktubdakı sözləri xatırladım: “Süni olaraq formalaşdırılan  hər bir idarəçilik məhvə məhkumdur. Qalan, mövcud olan və əbədi yaşayan təbii seçimlərdir. İdarəçilik sistemində isə qanunların aliliyi qədər bu dəyərə üstünlük verilməsidir.
Böyük şəxsiyyət Üzeyir Hacıbəyli yazırdı: “Bu Vətən də bizimdir, bu dövlət də bizimdir!” Ancaq  çağdaş dövrümüzdə  insanların bu Vətən  üçün fədakarlıq etməsinə  mane olan səbəblər var və bunlar aradan qaldırılmalıdır. Həmin səbəblər çox olsa da, indiki şəraitdə bunlardır: seçki pozuntuları, ədalətli seçkilərə inamsızlıq, insanların seçib-seçilmək hüququnun pozulması, fərqli baxışlara malik olanlara ögeyliklə yanaşılması və s.”
9 fevralda  ölkədə seçki keçirilməsi yox, əvvəlcədən yuxarıda hazırlanmış siyahının çox pis formada təsdiqlənməsi baş verdi.Onda bu seçkini keçirməyə nə ehtiyac vardı?
Yenə prezidentə xeyirxah bir məqsədlə yazdığım məktubu xatırlayıram: “Ölkədə yeniləşmə hərəkatını başlamaq cəhdləriniz, demokratik seçkilər əsasında yeni Milli Məclisin formalaşması istiqamətində atdığınız addımlar da müxtəlif düşərgədən olan insanların bu prosesə cəlb edilməsi ilə  reallaşdırılmalıdır.Onda biz güclü bir cəmiyyətin təməl prinsiplərini gerçəkləşdirə biləcəyik. Biz həm də sonrakı nəsillərə yaxşı və möhkəm, milli-mənəvi dəyərlərə söykənən dövlətçilik ənənələri qoyub getməyi bacarmalıyıq.Bu gün əsasını qoyduğumuz azad və demokratik seçim ənənələri bütöv bir nəslin sağlam düşüncəsinin yaranmasına və inkişafına səbəb ola bilər. Tarixdə çox dövlət başçıları olub ki, onlar belə addımlar ataraq xalqının yaddaşında əbədi yaşamaq haqqı qazanıblar.Millətimiz üçün taleyüklü olan  bu məsələyə Sizin   daha  diqqətli yanaşmanızı istərdim”.
Təəssüflər ki, biz yeni və gənc nəslə yaxşı bir  seçki ənənəsini də qoyub gedə bilmədik.
Elan edilmiş siyahıda ölkənin əsas partiyalarından olan Müsavatın bir təmsilçisin də olmaması yalnız təəssüf hissi doğurur.
Seçki prosesi günündə baş verənlər isə feodalizm yanaşma üsulunun görüntüləri idi.Karusel əməliyyatları, İcra hakimiyyəti strukturlarının canfəşanlığı, məktəb direktorları və müəllimlərinin kobud davranış və rəftarları, mənim namizədliyim olan dairədə SOKAR Neft Şirkəti resurslarının  əvvəlcədən hazırlanmış siyahıda adı olan bir xanımın xeyrinə etdiyi pozuntular vətəndaşalraımızı təhqir etmək idi.
Növbəti seçki sınağından çıxa bilmədik.İtirən yalnız biz namizədlər olmadıq, itirən bütün xalqımız oldu.Və bu seçkilər  Azərbaycan cəmiyyətinin inkişafına böyük bir zərbə oldu.Təssüflər!
Nəsiman Yaqublu,
BDU-nun professoru, Cümhuriyyət tariximizin görkəmli araşdırmaçısı