Son bir ildə ölkəmizə qarşı qondarma soyqırım iddiasını gücləndirən, ötən əsrin 90-cı illərində Bakı və digər şəhərlərdə ermənilərin guya soyqırıma məruz qaldığını bildirən düşmən, son günlər incəsənətdən də təbliğat vasitəsi kimi istifadə etməkdədir.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, “ermənilərin Bakı qətliamı” yalanına dünyanı inandırmaq, habelə qondarma “Qarabağ respublikası”nın dünyada tanınmasına nail olmaq üçün “soyqırım incəsənəti” yaratmağa başlayan düşmən, bununla bağlı rəsm əsərləri, parça üzərində müxtəlif tikmələr, heykəltəraşlıq işlərini genişləndirməkdədir. Həmin “incəsənət nümunələrini” internet üzərindən reklam edən erməni diasporu, bu “əsərlərin” satışı sayəsində əldə edilən gəlirləri də qondarma respublikadakı müxtəlif layihələrin icrasına sərf etməkdədir.

“Soyqırım incəsənəti” silisləsindən olan və oxuculara təqdim etdiyimiz bu əsərdə “balaca, körpə Qarabağ Respublikasının böyük, güclü Ermənistanın himayəsində “ böyüməkdə olduğu ideyası öz əksini tapır. Halbuki, ölkəmizin heç vaxt işğal faktı ilə barışmayacağı, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi rəsmi Bakının hər zaman dilə gətirdiyi məlum həqiqətlər sırasındadır.

Məlumat üçün qeyd edək ki, Azərbaycana qarşı irəli sürülən və heç bir əsası olmayan bu iddialarda məqsəd Qarabağın işğalı,  Xocalı və digər bölgələrimizdə törədilən soyqırımlardan diqqəti yayındarmaq, ölkəmizi beynəlxalq qınaqla, yeni təzyiqlərlə üz-üzə qoymaqdır.