Sonuncu Davos İqtisadi  Forumunda Ukraynanın Baş naziri Aleksey Qonçaruk maraqlı və diqqətçəkən bir bəyanatla çıxış etdi.  Baş nazir bəyan etdi ki, Ukrayna özünün dövlət dəmir  yolu konserni olan   «Ukrzaliznıtsıya» SC-ni 10 il müddətinə Almaniya milli dəmir yolları operatoruna (Deutsche Bahn AG) idarəetməyə vermək niyyətindədir.

Ukraynada ciddi rezonans doğuran bu sövdələşmə hazırda ictimai-siyasi dairələrdə qızğın müzakirələrə səbəb olub. Qeyd edək ki, «Ukrzaliznıtsıya» SC dövlət şirkətidir və Ukraynada ən nəhəng işçi sayına malikdir. Milli dəmiryolu sistemində 260 min adam çalışır. Dövlət konserni 20 min kilometr uzunluğunda olan dəmir yolunu idarə edir.

Bütün inkişaf etmiş ölkələrdə dəmir yolları strateji infrastruktur sayılır və bununla dövlət məşğul olur. Ukraynanın strateji dövlət sahəsini xarici dövlətə vermək niyyəti bir sıra məqamları təhlil etməyi zəruri edir.  Məlumdur ki, Almaniyanın “Deutsche Bahn” şirkəti dəmir yolunun idarəçiliyini üzərinə götürməsi və ya xidmət göstərməsi Kiyevə havayı başa gəlməyəcək. Bu, ilk növbədə bu milyonlarla avro xərc deməkdir.

Bundan başqa bu məsələ bir çox parametlərinə görə, dövlət marağının hansı şərtlərlə qorunub saxlanmasının aydın izahını tələb edir. Qərarın riski həmdə ondan ibarətdir ki, dövlət şirkəti icarədarlar və daşınma qurumları qarşısında böyük miqdarda borca düşə bilər. Bu zaman şirkətin öz borclarını aksiyalarla dəyişmək cəhdi mümkündür, bu isə borca görə dövlət şirkətinin satılması  demək olacaq.

Burada ən böyük risk isə yükdaşıma istiqamətində dövlətin yönətimini itirməkdir. Xarici idarəetmə istər-istəməz kənar maraqları nəzərə almağı vacib edir və dövlətin strateji baxışında korrektləri tələb edir. Məsələn, almanlar üçün Ukrayna ərazilərində yük daşımalarına nəzarəti ələ almaq  maraqlı ola bilər. Odur ki, xarici şirkətin  belə cəhdləri istisna olunmur. Digər tərəfdən xarici şirkətin yük daşımalarını özəlləşdirməsi ciddi qiymət artımına səbəb ola bilər.

Yük daşımaları ilə bağlı belə qəliz vəziyyət həmçinin əsl maraq müharibəsinə səbəb ola bilər. Bu seqmentə nəzarət üstündə təkcə xarici investorlar yox, yerli oliqarxlar da mübarizə aparacaq.  Bu zaman dövlət maraqlarına necə əməl olunacağına təminat yoxdur. Ayrı-ayrı maraq qruplarının lobbiçiliyi isə strateji sahənin idarəçiliyində şübhəli sövdələşmələrə yol açacağı istisna olunmur.

Müşahidəçilərin fikrincə, Ukrayna ilk olaraq dəmiryolundakı çətinliklərini, tarifləri, maliyyənin düzgün idarə olunmasını, müştərilərin maraqları kimi problemləri həll etməli idi.