Xəbər verdiyimiz kimi Xətai rayonu Babək prospektində hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi müğənni Nura Surinin qonşusunun evində olub və tüstüdən müğənninin oğlu Davidin də halı pisləşib.
Moderator.az-ın əməkdaşı hadisəylə bağlı müğənniylə əlaqə saxlayıb və Nuri Suri dəhşətli yanğın hadisəsindən danışıb:
“Yanğın bu axşam saat 22:30 radələrində qapı qonşumun evində paltaryuyan maşının alışması nəticəsində baş verib. Tüstü o qədər çox idi ki, bloka çıxmaq mümkün deyildi. Qonşumun evində iki körpə uşağı, dayəsi, anası və bacısı evdə ola-ola mətbəxtə paltaryuyan maşın qəfildən alışıb. Onlar da xilas olmaq üçün bizim evə gəldilər və nəfəs almaq mümkün deyildi. Dörd qonşu evdən çıxa bilmirdik. Bayırda elə külək var idi ki, alovun qarşısı alınmasaydı, bütün bina yana bilərdi. Təsəvvür edin ki, 18 mərtəbəli yaşayış binasında qalırıq.
Bunların qarışısını isə xilasedicilər aldı. Birinci “Socar”ın əməkdaşlı gəlib qaz xəttini bağladılar ki, partlayış olmasın, bunun ardınca polis əməkdaşları, təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürdülər. On-on beş dəqiqə də geciksəydilər, böyük faciə yaşana bilərdi. Hər şey operativ şəkildə təşkil olundu. İndiyə kimi evləri təmizləyirlər. Amma həm qonşumun, həm də bizim uşaq çox qorxub. David özünü pis hiss edir, qorxub, məktəbə də getməyib, indi yuxu dərmanı verib yatızdırmışıq. Bir sözlə, dəhşətli bir gecə idi”.
Vasif Əlihüseyn