Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini diqqətə çatdırıb.

Qeyd edib ki, bu istiqamət üzrə “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi”, “İnformasiya və bilik iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi” mövzularında araşdırmalar aparılması və iki dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən, bu istiqamətdə institutun xarici və respublika səviyyəli təşkilat və müəssisələrlə əlaqələr qurması məsələlərindən də danışıb. Həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görüləcək işlərdə elmi müəssisənin iştirakının nəzərdə tutulduğunu vurğulayıb.

Ə.Əliyev şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalə dərc etdirməsinin qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib. O, Belarusun Yüksək Texnologiyalar Parkı, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutu, Tbilisi Dövlət Universiteti və digər elmi müəssisələrlə əlaqələr qurulmasının planlaşdırıldığını bildirib.

Posted in: Elm