Samsung şirkətinin “Technological Embrace” layihəsi çərçivəsində xüsusi tədris otaqlarının növbəti açılış mərasimləri Lənkəran Dövlət Unversitetində və Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə baş tutdu. Beləliklə “Technological Embrace” layihəsi 2019-cu ildə uğurla həyata keçirildi.

Otaqlar interaktiv lövhələr, virtual reallıq kabinləri, xüsusi Flip Board lövhələri, planşetlər, sənədli və maarifləndirici filmlər izləmək üçün geniş ekranlı televizorlar, habelə tələbələr və şagirdlərin tədris prosesini daha maraqlı və interaktiv etmək üçün digər Samsung texnikası ilə təchiz olundu.

Açılış mərasimləri təhsil ocaqlarının rəhbərliyi, müəllim və tələbə heyəti, İcra Hakimiyyətinin başçısı və aparatı, Samsung şirkəti və “Nargis” Fondunun, media nümayəndələrinin iştirakı ilə baş tutdu. Xatırladaq ki, layihə çərçivəsində ilk xüsusi tədris otağının açılış mərasimi Quba rayonunun Alekseyevka kənd orta məktəbində Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun iştirakı ilə ötən ilin sentyabr ayında baş tutdu.

“Technological Embrace” layihəsi Samsung şirkəti tərəfindən “Nargis” Fondunun dəstəyi ilə həyata keçirildi. Layihə uşaqlar və gəncləri müasir dünyada rəqəmsal texnologiyalara daha yaxın etmək məqsədi daşıyır. Qeyd edək ki, layihənin birinci hissəsi çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan “Cinemobile” – səyyar kinoteatr turu təşkil olundu. SInemobil turu Qazax, Gəncə, Zaqatala, Quba, Səbirabad və Ağdamı əhatə edərək, uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdirdi və beləliklə son tətil günlərində uşaqlara unudulmaz günlər bəxş etdi.