Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının dünyanın ən nüfuzlu “World Scientific” beynəlxalq elmi nəşriyyatı tərəfindən çap olunan “Fuzzy-logic based material selection and synthesis” (Qeyri-səlis məntiqə əsaslanan material seçimi və sintezi) kitabı kompüter elmləri üzrə 2019-cu ildə nəşr olunmuş kitablar sırasında top onluqda yer alıb. ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, ötən il professor M.Babanlının materialşünaslıqla bağlı apardığı orijinal elmi-tədqiqat işləri sözügedən kitabda yer alıb. İlin yekununda isə “World Scientific” nəşriyyatının elmi bazasının “Best of 2019” dəyərləndirməsində 10 top kitab siyahısına daxil edilib.

Kitabda ilk dəfə olaraq həmyerlimiz, professor Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis məntiqin materialşünaslığa tətbiq məsələləri əksini tapıb. M.Babanlı əsərində materialşünaslığı qeyri-səlis məntiqlə əlaqələndirməklə dünya alimləri arasında ilk dəfə olaraq, beynəlxalq müstəvidə yeniliyə imza atıb. Fundamental əsərdə dünya elmi ədəbiyyatında ilk olaraq qeyri-müəyyən informasiya şəraitində verilmiş xarakteristikaya malik materialların, xüsusən də forma yaddaşlı materialların seçilməsi üçün qeyri-səlis modellərin yaradılması və onların tətbiqinə baxılıb. Nəşrdə, həmçinin yeni materialların sintezi üsullarının geniş spektri təhlil olunub, bu elm sahəsində yeni fərqli istiqamət təklif edilib. Bu elmi istiqamət baha başa gələn, böyük vaxt tələb edən fiziki eksperimentlərdən dünyada toplanmış biliklər, böyük verilənlər və yeni süni intellekt texnologiyaları əsasında qurulan riyazi modellər və kompüter hesablamalarını ehtiva edən sistemli təhlilə keçiddir. Qeyri-səlis məntiqin və hesablama intellektinin sinerjisi material elminin və mühəndisliyin gələcək inkişafını təmin edən bir yanaşma olaraq bu kitabın özəyini təşkil edir. Kitab material elmi və mühəndisliyi, kompüter elmləri sahəsində çalışan tədqiqatçılar, universitet müəllimləri və tələbələri üçün fundamental yeni bir vasitədir.

Xatırladaq ki, “World Scientific” dünyanın ən böyük elmi nəşriyyatlarından biridir. Burada kitab çap etdirmək alimin şəxsi iradəsindən asılı deyil. Yalnız nəşriyyatın özü hər hansı alimə müəyyən elmi istiqamətdə kitab yazmağı sifariş verir. “Fuzzy-logic based material selection and synthesis” kitabı Azərbaycanda yeganə elmi tədqiqat işi kimi həmin nəşriyyatda çap olunub. Kitabla https://www.worldscientific.com/worldscibooks/10.1142/11164#t=toc  linki vasitəsilə tanış olmaq mümkündür.

Posted in: Elm