Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev “Reytinq” qəzetinə müsahibə verib. Millət vəkili ölkədəki ictimai-siyasi proseslərə münasibətini bildirib.
Moderator.az həmin müsahibəni oxucularına təqdim edir.
– Qüdrət bəy,  son həbslər cəmiyyət üçün gözlənilməz oldu. Bu hadisəni necə dəyərləndirirsiniz?
– İcra hakimiyyəti başçısının vəzifədən kənarlaşdırılmadan həbs olunması Azərbaycanda ilk dəfədir baş verir. Bu baxımdan, mənim üçün də, gözlənilməz oldu. Amma digər tərəfdən də hesab edirəm ki, bu həbslər dövlət və ictimai maraqlar baxımından doğru addımdır. Ona görə ki, digərləri məsuliyyət hiss edəcək.
Mən hüquqşünas olduğum üçün deyirəm ki, cəzanın həm ümumi, həm də xüsusi xəbərdarlıq məqsədi var. Ümumi xəbərdarlıq məqsədi odur ki, biri cinayət törədəndə onu cəzalandırmaqla dövlət digərlərini cinayət törətməkdən çəkindirir. Məsələn, iki yaxın dostdan biri ehtiyatsızlıqdan digərini öldürür, amma dövlət onu həbs edib cəzalandırır. Onsuz da onun çəkdiyi mənəvi əzab bəlkə də həbsxanada çəza çəkməsindən daha ağırdır. Amma buna baxmayaraq, cəzalandırılır. Niyə? Çünki başqalarının daha ehtiyatlı və daha məsuliyyətli olması üçün. Bu baxımdan, hesab edirəm ki, həbslər normaldır.
Video görüntülər yayılıb. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu əməliyyatı çox peşəkarcasına həyata keçirib. Bununla da əlavə manipulyasiya üçün əl yeri qoyulmayıb.
Etiraf edək ki, əməliyyat yüksək səviyyədə həyata keçirilib. Faktlar da ortadadır. Səs yazıları, şahid ifadələri də var. Düşünürəm ki, artıq çoxları bundan nəticə çıxarıblar.
Prezident bir çox gənclərin ictimai işlərə cəlb olunmasına, onların minimum tələbatlarını ödəyə bilmələri üçün, daha yaxşı iş tapana qədər müəyyən vəsait ayırır. Həmin pulu mənimsəmək vicdansızlıqdır. Həmin şəxslər aldıqları maaşın azlığından, uşaqlarını dolandıra bilmədiklərindən bu cinayətə getməyə məcbur olublar? Videodan da görünür ki, bunlar həm də ayrı-ayrı sahibkarlardan pul alırlar. Sahibkardan qanunsuz yolla pul alırsan, üstəlik, bu azmış kimi, kasıb adamlar üçün ayrılan pul üçün də kart açdırıb mənimsəyirsənsə, düşünürəm ki, bu, xəyanətdir, ictimai narazılığa şərait yaratmaqdır.
Bu həbslər eyni zamanda cəmiyyətimizdə doğrudan da dəyişikliklər baş verdiyini göstərir və həmin dəyişikliklərin bir elementidir.
– Siz deputat və partiya rəhbəri kimi siyasi proseslərdən daha çox xəbərdarsınız. Proses davam edəcəkmi, belə icra hakimiyyəti başçıları yenə varmı?
– Mən hüquqşünasam, əlimdə konkret faktlarım olmasa, “hə” deyə bilmərəm. Amma mətbuatda oxumuşam ki, başqa icra başçıları da belə işlər görüblər. Düşünmürəm ki, istintaq orqanları iki faktla kifayətlənəcəklər. Hesab edirəm ki, mətbuatda gedən məlumatlara əsaslanaraq araşdırma aparılmalıdır, əgər faktlar təsdiqlənərsə, həmin şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Həmin şəxslər məcbur edilməlidirlər ki, kasıb insanlar üçün ayrılan vəsaitlər geri qaytarılsın və təyinatı üzrə çatdırılsın.
– Qüdrət bəy, bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Hamıya məlumdur ki, icra hakimiyyətləri bələdiyyələri tamamilə nəzarətdə saxlayır. Yerli özünüidarəetmə orqanlarının sərbəst fəaliyyəti bu səbəbdən məhduddur. Sizcə, yeni seçkilərdən sonra bələdiyyələrin fəaliyyəti necə qurulmalıdır, hansı dəyişikliklər edilməlidir?
– Çox vacib bir məsələyə toxunursunuz. Ümid edirəm ki, növbəti mərhələdə islahatlar bu sahəni də əhatə edəcək. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Mən hətta mətbuata müsahibələrimdən birində də demişəm ki, biz üzvlərimizi bələdiyyə seçkilərində iştiraka kütləvi şəkildə qatılmağa inandıra bilmirik. Onlar deyirlər ki, seçki kampaniyasında vətəndaşa hansı vədi verək, nə səlahiyyətimiz var, seçiciyə hansı problemini həll edəcəyimizi söyləyək?
Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Mən, əvvəllər də çıxışlarımda demişəm, bizim bütün seçki platformalarımızda da öz əksini tapıb ki, bələdiyyələrə yerli özünüidarəetmə orqanları yox, yerli hakimiyyət orqanları statusu verilməlidir. Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişləndirilməlidir. Yəni icra hakimiyyətlərinin səlahiyyətləri məhdudlaşdırılmalı, səlahiyyətlərinin əksəriyyəti – tikintiyə icazə verilməsindən tutmuş, məktəblər, bağçalar, sərnişin daşınması və digər məsələlər bələdiyylərə verilməlidir. Bələdiyyələr həm pul qazanmalıdırlar, həm də öz ərazilərinin abadlığı ilə məşğul olmalıdırlar. Fikrimcə, zaman keçdikcə icra hakimiyyətlərindəki həmin səlahiyyətlər alınmalıdır. İcra hakimiyyətləri isə Türkiyədəki valilər kimi, prezidentin yerdəki təmsilçisi olmalıdır. Onun fəaliyyəti əsasən Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməklə yekunlaşmalıdır.
Bələdiyyələr, eyni zamanda seçkili və kollegial orqan olduqlarından, onların səlahiyyətlərinin artırılması regionların inkişafına da müsbət təsirini göstərər.
İndi icra başçısı prezidentin sərəncamı ilə təyin olunur və onun qarşısında məsuliyyət daşıyır. Yəni onun xalqdan hər hansı formada asılılığı yoxdur. Bələdiyyə sədrləri isə yerli sakinlərdən səs aldığı üçün ora düşürlər. Ona görə də xalq qarşısında daha çox məsuliyyətli olurlar. Bu baxımdan, islahatlar növbəti mərhələdə bələdiyyələri də əhatə etməlidir.
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərində neçə namizədlə iştirak edəcək?
– 32 namizədimiz olacaq. Əvvəlki seçkilərdə partiyadan namizədliyini irəli sürənlərin sayı 60-dan çox olurdu. 60-dan çox namizədimizin qeydə alınması ehtimalının az olduğunu nəzərə aldıq, üstəlik, resursları daha çox dairədə bölməyi də məqbul saymırıq. Bilirsiniz, bunun üçün böyük maliyyə resursu tələb olunur. Rayonlara səlahiyyətli nümayəndələrin gedib-gəlişi üçün bütün xərclər seçki fondundan ayrılmalıdır. Üstəlik, kifayət qədər çox lazımsız sənədlər tələb olunur. Adi bir misal deyim: tutaq ki, sənədlərin hamısını vermişik, məsələn, Nizamnamə iri həcmli bir sənəddir, partiyanın digər sənədləri də var. Bunların MSK-ya təqdim olunması üçün notarial qaydada təsdiq olunmasına 700 manat pul vermişik. Əlavə olaraq tələb olunur ki, hər bir dairə üzrə də MSK-ya təqdim etdiyimiz sənədləri təqdim edək. Görün, bu, nə qədər pul deməkdir? Təbliğat və təşviqat işlərinə, ezamiyyə xərclərinə də çox böyük vəsait tələb olunur. Ona görə də qərara aldıq ki, kimin daha çox dairədən namizəd irəli sürməsi kimi mənasız rəqabətə qoşulmayaq, köhnə sterotipləri də dağıtmaq lazımdır. Az dairədə namizəd irəli sürürsən və çalışırsan ki, onlara daha çox dəstək verəsən, daha effektli seçki kampaniyası aparmalarına şərait yaradasan.
Onsuz da bilirik ki, parlamentdə böyük tərkibdə təmsil olunmaq imkanlarımız məhduddur. Bunun əsas səbəblərindən biri də resursların qeyri-bərabərliyidir. Bəlkə də sizin sualınızla birbaşa bağlılığı yoxdur, amma əlaqəlidir. Məsələn, seçkilər elan olunanda da söyləmişdim ki, Yeni Azərbaycan Partiyasının resursları ilə digər partiyaların resursları çox fərqlidir. Yəni YAP bütün seçki dairələrində gücünü qoysa, onda gərək parlamentə başqa partiyadan heç kəs seçilməsin. Maliyyə, insan, inzibati və digər resurslar qeyri-bərabərdir, mətbuat və informasiya dəstəyi ilə bağlı da yerlə göy qədər fərq var. Ona görə hətta təşəbbüslə çıxış etmişdim: məsələn, bizdə mojaritar seçki sistemi olduğuna görə, heç bir siyasi partiya 3/2-dən çox dairədə namizəd irəli sürməsin. Əgər YAP istəyirsə ki, doğrudan da onun ciddi opponentləri olsun, yəni rəqabətsiz mühitdə fəaliyyət göstərməsin, o zaman bunu etməlidir.
Mən demişdim ki, hər partiya 85 dairədə namizəd irəli sürə bilər. Biz seçkiləri partiyalılıq prinsipi əsasında keçirməklə bitərəflərin namizədliklərini özləri tərəfindən irəli sürməsini məhdudlaşdıra bilərik. Artıq gecdir, bitərəflər namizədliklərini irəli sürüblər. Amma gələcək üçün söyləyirəm, ümumiyyətlə, bitərəflərin namizədliklərini irəli sürməsi qadağan olunmalıdır. Onları yalnız partiyalar irəli sürə bilərlər, sayı isə məhdud olmalıdır. Məsələn, hər partiya 85 namizəd irəli sürəcəksə, onun yalnız 10-15-i bitərəf ola bilər. Bu da ona gətirib çıxaracaq ki, gələcəkdə komissiyaların formalaşdırılmasında yalnız partiyalar iştirak edəcək. Parlamendə ən azı 40 yerdə digər partiyalar təmsil olunacaq. Bu da parlamentdə fraksiyaların yaranmasına imkan verəcək. Bəzən deyirlər ki, bu fraksiyalar nəyə lazımdır? Fraksiya ona görə lazımdır ki, istənilən məsələni parlamentin plenar iclasının müzakirəsinə çıxarmaq imkanı olacaq. Alternativ məruzələrlə çıxış etmək imkanı yaranacaq.