Tarix onları unutmayanları və unutdurmayanları sevir. Bu gün öz soykökünə, adətlərinə, dədə-babalarımızdan bizlərə miras qalan milli-mənəvi dəyərlərimizə sahib çıxanlarımız yetəri qədərdir. Onlardan biri də “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, Milli Yaylaq Festivalının ideya müəllifi və layihə rəhbəri Müzadil Zauroğludur. Redaksiyamızın qonağı olan M.Zauroğlu imzası olan layihələri ilə unudulmaqda olan adətlərimizi, idman növlərini, milli-mənəvi dəyərlərimizi bərpa etmək, onların unudulmaq təhlükəsini aradan qaldırmağı qarşısına hədəf qoyub. Deyir ki, bu gün yetişməkdə olan gənclərə onların kim olduqlarını, hansı söykökdən gəldiklərini xatırlatmalı, bu dəyərlərə sahib çıxmağı öyrətməliyik. Avropa mədəniyyəti hər nə qədər mükəmməl olsa da, bir dövləti daha güclü edən onun gənc nəslinin öz tarixi köklərinə bələd olması və ona sahib çıxmasıdır.

– Yay aylarında böyük səs-səda doğuran Milli Yaylaq Festivalının keçirilməsi hansı zərurətdən yarandı?

– “Cavadxan” Tarix və Mədəniyyət Fondu olaraq uzun müddət idi ki, bu layihənin üzərində çalışırdıq. “Cavad xan oyunları”, “El şənliyi” və bu kimi müxtəlif adlar düşünürdük. Sonda daha geniş “Milli Yaylaq Festivalı” adında dayandıq. Qismət bu ilə imiş. Unudulmaqda olan milli ənənələrimiz, qədim idman növlərimiz, xalq təsviri incəsənət nümunələrimiz, zəngin mətbəximiz var ki, onları olduğu kimi heç bir əlavə təsirlər olunmadan bu günün vətəndaşlarına təqdim etmək istəyirdik. Bu milli dəyərlərimizi yenidən canlandırmaq, xüsusən də gənclərimizə olduğu kimi təqdim etmək, bu ənənələrin unudulmaması və gənc nəslə ötürülməsi üçün belə bir festival həyata keçirdik. Artıq bu festival ənənə halını alacaq.

Festival günləri çərçivəsində həm sosial şəbəkədə, həm də Gədəbəydə sanki bayram ab-havası yaranmışdı.

– Bəli, insanların simasından o sevinc hissini duymaq mümkün idi. Festivalın günorta başlanacağını bildirməyimizə baxmayaraq, vətəndaşlarımız səhər saatlarından gəlib növdə gözləyirdilər. Biz o sevgini, istəyi, insanlarda olan o möhtəşəm bayram əhval-ruhiyyəsini əlbəttə ki, festivalın hər günündə, hər saatında hiss etdik. Bir qonağın dediklərini hələ də unutmuram. “Hamılıqla belə səmimi, sevinc dolu, saf hissləri bir həcc vaxtı kəbə ətrafında, bir də bu festivalda duydum”.

– Festival nə üçün məhz Gədəbəydə keçirildi?

– Bu yaylaq festivalı idi, ona görə festival üçün ən əlverişli ərazilərə nəzər saldıq. Yaylaq yerləri subalp çəmənliklərdir, o da haradasa dəniz səviyyəsindən 1500-1600 hündürlükdən başlayır. Gədəbəydə Kiçik Qafqaz sıra dağları ilə əhatələnmiş və festivalın keçirilməsi üçün əlverişli və gözəl mənzərəli bir yer tapdıq. Festivalın orada keçirilməsi, eyni zamanda o bölgənin turizminə hesablanmışdı. İlkin olaraq Göygöl, Gədəbəy və yaxud Daşkəsən ərazilərində uyğun bir yerdə keçirəcəyimizi düşünürdük. Hətta Daşkəsən rayonunda keçirilməsinə dair ilkin razılaşmalar da əldə olunmuşdu. Gədəbəy rayonunun icra hakimiyyəti başçısının festivala daha loyal yanaşması, daha istəkli olmasından irəli gələrək orada keçirməyə qərar verdik.