“Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik tənqidi düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır”.

Bunu Təhsil naziri Ceyhun Bayramov “British Council”in “Məşğulluq imkanları üçün ali təhsil” proqramı ilə əlaqədar Bakıda məzunların əldə etdiyi nəticələrə həsr edilən ilk strateji forumda bildirib.

Nazir qeyd edib ki, müasir iqtisadiyyatda ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daima öyrənməsə onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz: “Həyat boyu öyrənmək artıq maneə deyil. Bu, cari həyatın reallığıdır. Təbii ki, öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib. Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir”.

Nazir bildirib ki, bugünkü təhsil qlobal təhsil sisteminə inteqrasiya edir: “Xaricdə oxuyub gələn tələbələr dövlət və özəl sektorda, eyni zamanda Təhsil Nazirliyində çalışırlar. Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzun müddətli dövrdə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir”.