Ermənistanın baş naziri Nikol Paşinyan üçün keçmiş prezident Robert Koçaryanı həbsdə saxlamaq nüfuzartırma “nasosu” rolunda da oynayır. Ona görə də onunla bağlı məhkəmənin qərarı hələ də uzadılır. Xocalı soyqırımının həmmüəllifi Koçaryan Ermənistan hökumətinin Rusiya ilə alveri üçün də lazımdır. Onu Moskvaya daha baha satmaqdan ötrü Paşinyan sabiq prezidentin həbs müddətini uzadır. Vəkillər isə Koçaryanın səhhəti ilə bağlı “həyəcan təbili çalırlar”.

Bəs Koçaryanın sağlıq durumu doğurdanmı ağırdır? Keçmiş prezident mübarizəyə başlamağa hazırdırmı? Bu kimi məsələlər Ermənistana sərmayə qoyuluşuna təsir edirmi?

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 26-da həbs olunub. Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.