“Bu gün televiziyamızda, kinomuzda və teatrımızda kifayət qədər uğurlu işlər var”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov dövlət kanallarımızdakı yeni verilişlər haqqında danışarkən deyib. A.Şükürov bəzi problemlərin müəyyən vaxtdan sonra həll olunacağını bildirib:

“Dövlət kanallarımızda son zamanlar yeni-yeni verilişləri, yüksəlişi müşahidə edirəm. Qaldı ki, elə şeylər var ki, onların düzəlməsi üçün müəyyən vaxt lazımdır. Mən açığını deyim ki, “bizdə hər şey pisdi, heç nə alınmır” fikrindən uzaq adamam. Bu gün televiziyamızda, kinomuzda və teatrımızda kifayət qədər uğurlu işlər var. Yarıdıcı proses gedir və buna da yaradıcı münasibət bəsləmək lazımdır. Bu işlərə optimist baxıram. Düzdü, ayrı-ayrı proqramlarda danışıq qüsurları hələ ki, qalmaqdadır. Təəssüflər olsun ki, efirə veriliş aparmağa dəvət olunan insanlar geyiminə də, saç düzümünə də corabına da fikir verir, amma unudur ki, danışıq sənətin işlətməyə gedir, bundan istifadə edəcək. Yaxşı olar ki, televiziya rəhbərləri müəyyən aparıcıları işə götürəndə onları kurslara göndərsin, danışıqlarıyla bağlı mütəxəssislərin rəyini öyrənsin. Yerli ləhcələr bəzi verilişlərdə hiss olunur. Qüsurlar var, amma kim istəyirsə, düzələcək, istəməyən adam isə heç vaxt düzəlməyəcək. Bu, insanın öz marağında olmalıdır ki, veriliş aparıcısıyam və öz danışığımı düzəldim”.