“İndi bizim məktəb direktorları bundan dərs alsalar, müdrük olacaqlar, dərs almayanlar isə bir gün işdən çıxarılacaq”

Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov dünən təhsil naziri Ceyhun Bayramovun əmriylə müəllimlərdən pul yığan direktorun işdən çıxarılmasına münasibət bildirərkən deyib. Professor bunun digər direktorlar üçün də bir dərs olacağını bildirib:

“Əslində elə təhsil nazirinin direktoru işdən çıxarması digərləri üçün də bir dərsdir. Amma bundan nəticə çıxaran da var, çıxarmayan da. Müdrük adam o şəxsdir ki, tarixdən nəticə çıxarsın. İndi bizim məktəb direktorları bundan dərs alsalar müdrük olacaqlar, dərs almayanlar isə bir gün işdən çıxarılacaq. Rüşvətə qarşı belə sərt tədbirlər olmasa, meydanı genişlənəcək. Bu, rüşvətə görə verilmiş qərardır və bunun səbəbi də var. Bundan sonra isə səbəbini araşdırmaq istiqamətində addımlar atılacaq”.

Qeyd edək ki, dünən Kəlbəcər rayon 108 saylı tam orta məktəbinin direktoru Bəsti Hüseynova müəllimlərdən pul yığdığı üçün təhsil nazirinin əmriylə vəzifəsindən azad edilib.