Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və “Üzvi kimya” kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açaraq elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin Ümumuniversitet elmi seminarlarında kollektivə təqdim edilməsi, geniş müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsi məqsədilə davamlı olaraq təşkil olunacağını bildirib.

Hesabat xarakteri daşıyan seminarda Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun isə “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun Kimya fakültəsinin əməkdaşları və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələri, həmçinin uyğun dövrü əhatə edən nəşrləri barədə də geniş məlumat veriblər.

Kamran Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, həmçinin kation-π, anion-π, π-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyən edir. Baxmayaraq ki, hidrogen rabitəsinin rolu sintez və katalizdə yaxşı öyrənilib, yeni növ rabitələr – halogen, xalkogen, pniktogen, tetrel və triel – sintetik kimyada geniş istifadə edilməyib. Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.

Posted in: Elm