Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu ali məktəbin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin I kurs tələbələri ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Kamal Abdulla tələbələrə uğurlar arzulayıb, onların seçimini yüksək qiymətləndirib, ixtisaslarını dərindən öyrənmələrinin vacibliyini söyləyib. O, tələbələri elm və təhsil sahəsində fəaliyyətlərində daha aktiv və məsuliyyətli olmağa çağırıb.

Rektor çoxlu mütaliə etməyin vacibliyindən də danışıb: “Bizim zəngin kitabxanamız var. Sizin vaxtınızın çox mühüm hissəsi məhz kitabxana ilə bağlı olacaq. Bu imkandan səmərəli istifadə etmək sizin bilik və bacarıqlarınızın artırılması yolunda xüsusi əhəmiyyət kəsb edəcək. Bizim bu il qəbul göstəricimiz 95 faiz olub. Bu, təkcə kəmiyyət deyil, həm də keyfiyyət göstəricisidir. 150-dən çox tələbəmiz 600 baldan yuxarı nəticə göstərib. Bu, Azərbaycan Dillər Universitetinin nüfuzundan xəbər verir”.

Görüşdə tələbələrin sualları cavablandırılıb.