“Gün ərzində sosial şəbəkələrdən eşidirik ki, “Mavi balina” oyunları var və bu, uşaqların həyatı üçün təhlükəlidir, amma yanıma gətirilən uşaqların valideynlərinin heç biri baxmır ki, uşağı nəylə məşğuldur”

Bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova bu gün gənclərimizi intihara sürükləyən internet oyunları haqda danışarkən deyib. Psixoloq bildirib ki, valideynlər uşaqlarıyla sıx təmasda olmalıdır ki, onların nə işlə məşğul olduğundan xəbərləri olsun:

“Ümumiyyətlə, bəzi internet oyunları var ki, uşaqlara şüuraltı təsir edir. Bəzən deyərdim ki, bu oyunların müəllifləri onları bilərəkdən edirlər. Bu gün “Mavi balina” oyunuyla bağlı dünyanın bir neçə ölkəsində qadağalar var. Çox təəssüflər olsun ki, bizə müraciət edən valideynlər isə uşaqlarının bu oyunu oynadığı bildikdən sonra yanımıza gəliblər. Uşaqlardan aldığım məlumat budur ki, oyunda qalibiyyət və məğlubiyyət olur. Sonu isə cəzbetməylə təşkil olunan və uşaqları intihara sürükləyən fotoların çəkilməsi olur. Amma sözü gedən oyunları oynamağı bir qırağa qoyaq və bir məsələyə toxunaq ki, bu gün valideynlər öz övladlarını tanımır. Onlar öz övladlarından ayrı düşüblər və uşaqlarının boş vaxtlarını necə keçirdiyini bilmir. Gün ərzində sosial şəbəkələrdən eşidirik ki, “Mavi balina” oyunları var və bu uşaqların həyatı üçün təhlükəlidir, amma yanıma gətirilən uşaqların valideynlərinin heç biri baxmırki, uşağı nəylə məşğuldur”.

Psixoloq bu cür oyunların internetdən yüklənməsinə qadağa qoyulmasının vacibliyini vurğulayıb:

“İkinci məsələ odur ki, bu oyunlara ailəsində problemi olan uşaqlar maraq göstərir. Valideynin başı özlərinə qarışır və uşaq hansı işlərlə məşğuldur ana-ata bilmir. Bu gün “Mavi balina” və adını unutduğum daha bir oyun var ki, beş yaşından on beş yaşına qədər uşaqlar bunu oynayır və qorxu yaşayır. İstər ölüm, istər kəkələmək və digər xəstəliklər qorxudan yaranır və bunun da fonunda bu cür oyunlar durur. Bu gün birmənalı olaraq belə oyunların internetdən yüklənməsinə icazə verilməməlidir. Belə olarsa, məncə problemi həll etmiş olarıq”.