“Milli məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov ölkəmizə qarşı xarici müdaxilələr haqda danışarkən belə deyib. Xalq artisti bildirib ki, bu gün Qarabağ kimi bir problemimizi həll etmək üçün hamımız bir olmalıyıq:

“Doğrusu dünən keçirilən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” adlı tədbiri televiziyadan izlədim və çox bəyəndim. Düşünürəm ki, bu cür tədbirin təşkil edilməsi təqdirəlayiqdir. Ümumiyyətlə, milli məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Bu gün dövlətçilikdən söhbət gedirsə, hamı yumruq kimi bir olmalıdır. Mənfur qonşularımızın bizə qarşı hansı şəkildə mübarizə apardığının şahidisiniz. Biz sənətimizlə bağlı başqa ölkələrə səfər edirik və orda bu cür xoşagəlməz hallar görəndə ürəyim ağrıyır. Baxırsan ki, əlli adamın heç birisi bir-biriylə yola getmir. Əslində belə olmamalıdır. Bu gün bizim Qarabağ kimi bir problemimiz var, torpaqlarımız işğal altındadır və birinci biz bu problemi həll etməliyik. Yoxsa ki, oturub kimisə söyməklə nəsə əldə etmək olmaz. Biz hamımız bir nöqtədə birləşməliyik və bizi birləşdirən isə milli mənafeyimiz, torpaqlarımız, ərazi bütövlüyümüz və dövlətçiliyimizdir. Hər birimiz dövlətimizin ətrafınsa sıx birləşməliyik ki, Qarabağ problemini həll edək”.