İsraildə bir müsəlman qadın hicaba nifrətə görə onu işə qəbul etməyən stomatoloji klinikadan böyük məbləğdə kompensasiya almağa nail olub.

Moderator.az xəbər verir ki, bu haqda yerli “Haaretz” nəşri məlumat yayıb.

Netanya şəhərində bir diş klinikası rəhbərliyi diş həkimi işi axtaran xanımı müsahibəyə dəvət edib. Müsahibə zamanı müsəlman olan qadın klinikanın direktorundan iş zamanı hicabı çıxarmaq təklifini eşidən kimi buna qəti etirazını bildirib. Nəticədə direktor ona iş verməkdən imtina edib. Qadın klinika rəhbəri ilə bu söhbətini diktafona yaza bilib. Söhbətdə direktor xanımın onda xoş təəssürat yaratdığını söyləsə də, guya xəstələrin müsəlman örtüyünə bürünmüş həkim tərəfindən müalicə olunmaq istəmədiklərini bildirib. Buna cavab olaraq müsəlman diş həkimi məşğulluq sahəsindəki tənzimləmə orqanları ilə əlaqə qurub və bundan sonra klinika gözlənilmədən mövqeyini dəyişərək qadına iş təklif edib. Lakin müsəlman xanım bundan üz döndərərək dini ayrı-seçkiliyə görə klinika rəhbərliyindən 100.000 şekel (11 min dollar) məbləğində məhkəmə təzminatı tələb edib.

İsrail məhkəməsi öz qərarında hicabın ixtisaslı bir diş həkiminə iş verməkdən imtinanın yeganə səbəb olduğunu qeyd edərək klinikanın müsəlman qadına təzminat ödəməyi öhdəsinə götürməsi barədə qərarını əsaslandırıb.