Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlara start verilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışlarda hər iki komandanın seçmə idmançıları mübarizə aparacaqlar. Hər komandadan bir idman növü üzrə dörd atlet yarışacaq.

Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanma yarışında mübarizə aparacaq.

Siyahıda Türkiyə yığmasının heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda baş tutacaq. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparacaq.

Yarışlar çərçivəsində Belarus paytaxtının mərkəzində 25 mindən çox tamaşaçının və 300 tanınmış atletin iştirakı ilə möhtəşəm idman şousunun da təşkili nəzərdə tutulub.